Saytım niyə yavaş açılır və necə düzəlir
Sayt yavaşdırsa, "hostinqi dəyişək" ilk cavab olmamalıdır. Əvvəl ölçürük, sonra səbəbi tapırıq. Bu yazıda ölçmə qaydası, ən çox rast gəlinən altı səbəb və sahibkar ilə proqramçı üçün ayrıca yoxlama siyahısı var.
“Saytımız yavaş açılır” cümləsini çox eşidirəm. Ardınca adətən iki təklif gəlir: ya hostinqi dəyişək, ya da saytı sıfırdan yazaq. Çox vaxt ikisi də lazım deyil. Lazım olan, əvvəl ölçmək və problemin harada olduğunu dəqiq bilməkdir.
Bu yazı həm sayt sahibi, həm də proqramçı üçündür. Birinci hissə “nə baş verir”, ikinci hissə “nə etməli”.
Əvvəl ölç, sonra danış
“Yavaşdır” hiss deyil, rəqəmdir. Üç alət kifayətdir.
PageSpeed Insights (pagespeed.web.dev). Saytın ünvanını yazırsan, iki növ nəticə alırsan:
- Real istifadəçi məlumatı (field data). Chrome istifadəçilərinin son 28 gündə saytda gördüyü real sürət. Bu məlumat Chrome User Experience Report (CrUX) adlı bazadan gəlir. Sayt yenidirsə və ziyarətçi azdırsa, bu hissə boş ola bilər.
- Laboratoriya testi (lab data). Lighthouse saytı orta səviyyəli telefonda, mobil internetdə simulyasiya edir. Səbəbi tapmaq üçün yaxşıdır, amma real həyatın hər şeyini görmür.
Search Console. “Core Web Vitals” hesabatı oxşar səhifələri qruplaşdırır və hər qrup üçün “yaxşı”, “təkmilləşdirilməlidir” və ya “zəif” statusu verir. Bu da real istifadəçi məlumatıdır. Ziyarətçi azdırsa, hesabat boş qalır.
Chrome DevTools. F12, sonra Network. Səhifəni yenilə və ən yuxarıdakı HTML sorğusuna bax. “Waiting for server response” sətri serverin cavab vermək üçün nə qədər düşündüyünü göstərir. Lighthouse da elə burada, ayrıca tabda var.
Google nəyə baxır: Core Web Vitals
Google sürəti üç əsas göstərici ilə ölçür. Hədəf, ziyarətlərin 75 faizində “yaxşı” zonada olmaqdır, mobil və kompüter ayrıca hesablanır.
| Göstərici | Nəyi ölçür | Yaxşı | Təkmilləşdirilməlidir | Zəif |
|---|---|---|---|---|
| LCP (Largest Contentful Paint) | Əsas məzmun nə vaxt göründü | 2,5 san. və az | 2,5 ilə 4 san. arası | 4 san.-dən çox |
| INP (Interaction to Next Paint) | Klikə, toxunuşa nə qədər tez cavab verir | 200 ms və az | 200 ilə 500 ms arası | 500 ms-dən çox |
| CLS (Cumulative Layout Shift) | Səhifə yüklənərkən nə qədər “atılır” | 0,1 və az | 0,1 ilə 0,25 arası | 0,25-dən çox |
INP 2024-cü ilin martında FID-in yerinə keçdi. Köhnə məqalələrdə FID görürsənsə, bil ki, o artıq Core Web Vitals-ın bir hissəsi deyil.
Bir də TTFB var: brauzer sorğu göndərəndən HTML-in ilk baytı gələnə qədər keçən vaxt. Bura yönləndirmələr, DNS, bağlantı, TLS və serverin cavabı daxildir. Core Web Vitals-a aid deyil, amma LCP-nin təməlidir. Yaxşı hədd 0,8 saniyə və azdır, 1,8 saniyədən çoxu zəifdir.
Dürüst olum: Google sürəti “page experience” siqnallarından biri kimi qiymətləndirir. Sürətli sayt avtomatik olaraq birinci yerə çıxmır. Amma yavaş sayt həm Google-da, həm də müştərinin gözündə xal itirir.
Ən çox rast gəlinən səbəblər
Sıra serverdən başlayıb brauzerə doğru gedir, çünki ilk bayt gecikirsə, qalan hər şey də gecikir.
1. Server gec cavab verir (TTFB)
Səhifənin ilk baytı 2 saniyə gecikirsə, qalan hər şey də 2 saniyə gecikir. Heç bir şəkil optimallaşdırması bunu xilas etmir.
Bu yazını hazırlayarkən öz saytımı ölçdüm. Eyni serverdən beş sorğu göndərdim. Ana səhifənin ilk baytı 0,60 ilə 3,08 saniyə arası gəldi. /about/ səhifəsi isə 0,15 ilə 0,26 saniyə arası. Server eyni, şəbəkə eyni. Deməli fərq serverin həmin səhifəni qurmaq üçün gördüyü işdədir. Ana səhifəm “təkmilləşdirilməlidir” zonasındadır və bu, ölçmədən görünməzdi.
Server tərəfində ən çox rast gəlinən səbəblər:
- Ucuz və ya həddən artıq dolu hostinq. Paylaşılan hostinqdə sənin saytın yüzlərlə başqa saytla eyni prosessoru bölüşür.
- Verilənlər bazasına lazımsız sorğular. Django-da klassik nümunə “N+1” problemidir. Aşağıda göstərirəm.
- Keş yoxdur. Hər ziyarətdə eyni səhifə sıfırdan qurulur, halbuki onun məzmunu gündə bir dəfə dəyişir.
- Yönləndirmə zənciri. http, sonra https, sonra www, sonra dil prefiksi. Hər addım əlavə gediş-gəlişdir.
N+1 belə görünür. 20 elan göstərən bir səhifə:
listings = Listing.objects.filter(is_active=True)[:20]
for listing in listings:
print(listing.agent.name, listing.district.name)
Bu kod bir sorğu ilə 20 elanı götürür, sonra hər elan üçün agenti və rayonu ayrıca sorğu ilə gətirir. Nəticədə 41 sorğu. Düzgün variant:
listings = (
Listing.objects.filter(is_active=True)
.select_related("agent", "district")
.prefetch_related("photos")[:20]
)
select_related ForeignKey və OneToOne əlaqələrini SQL JOIN ilə eyni sorğuda gətirir. prefetch_related çoxa-çox və tərs əlaqələri ayrıca bir sorğu ilə toplayır. 41 sorğu 2-3 sorğuya düşür.
2. Şəkillər
HTTP Archive-in 2024 hesabatına görə mobil səhifənin median çəkisi təxminən 2,3 MB-dır. Mobil ana səhifələrdə median olaraq 900 KB şəkillərə, 558 KB JavaScript-ə düşür. Yəni ən böyük pay şəkillərindir.
Tipik səhvlər:
- Telefonla çəkilmiş 4000 piksellik, 5 MB-lıq foto 400 piksellik kartda göstərilir.
- PNG istifadə olunur, halbuki şəkil fotodur.
- Ən yuxarıdakı böyük şəkil (adətən elə LCP elementi odur)
loading="lazy"ilə yüklənir və brauzer onu gec başlayır.
Google-un məlumatına görə WebP itkisiz rejimdə PNG-dən 26%, itkili rejimdə JPEG-dən 25-34% kiçikdir. AVIF çox vaxt daha da kiçik olur, amma hər iki formatı test etmək lazımdır.
Qayda sadədir: şəkli göstərildiyi ölçüyə qədər kiçilt, WebP və ya AVIF-ə çevir, width və height yaz (CLS üçün), ekranın altındakı şəkillərə loading="lazy" ver, ən yuxarıdakı əsas şəklə isə əksinə fetchpriority="high".
3. JavaScript, CSS və kənar skriptlər
Hər “kiçik” əlavə öz çəkisini gətirir: canlı çat vidceti, bir neçə analitika kodu, reklam pikselləri, sosial şəbəkə düymələri, xəritə. Onların hər biri başqa serverdən yüklənir və sən o serverə nəzarət etmirsən.
Bu skriptlər iki yerdə ziyan vurur:
<head>hissəsində sinxron yüklənəndə səhifənin göstərilməsini bloklayır (LCP pisləşir).- Səhifə açılandan sonra brauzerin əsas axınını məşğul saxlayır, düyməyə basanda səhifə “donur” (INP pisləşir).
Nə etməli: hər skript üçün “bu bizə nə qazandırır?” sualını ver. Cavab yoxdursa, sil. Qalanlara defer və ya async əlavə et. Ağır vidcetləri (çat, xəritə, video) istifadəçi ona yaxınlaşanda və ya kliklədikdə yüklə.
4. Keş, sıxılma və CDN
- Statik fayllar üçün keş. CSS, JS, şəkillər və şriftlər uzun müddətli
Cache-Controlilə verilməlidir, fayl adı isə versiya ilə dəyişməlidir. Təkrar ziyarətdə brauzer onları yenidən yükləməz. - Sıxılma. HTML, CSS və JS gzip və ya Brotli ilə sıxılmalıdır. Bu nginx-də bir neçə sətirdir.
- CDN. Statik faylları istifadəçiyə yaxın serverdən verir.
5. Şriftlər
Dörd çəkidə iki şrift ailəsi, hər biri ayrıca fayl. Üstəlik font-display yazılmayıbsa, brauzer şrift gələnə qədər mətni göstərməyə bilər.
Qayda: yalnız WOFF2 istifadə et, lazım olmayan çəkiləri sil, font-display: swap və ya optional yaz, ən vacib bir-iki şrifti preload et. Azərbaycan hərfləri (ə, ğ, ı, ö, ü, ç, ş) üçün şriftin həmin simvolları dəstəklədiyini də yoxla, yoxsa mətn iki fərqli şriftlə görünəcək və səhifə atılacaq.
6. Server istifadəçidən uzaqdadır
Fizikanı aldatmaq olmur. Yeni HTTPS bağlantısında brauzer ilk baytı almazdan əvvəl serverlə bir neçə dəfə gedib-gəlir: TCP bağlantısı, TLS razılaşması, sonra sorğunun özü. Server uzaqdadırsa, hər gediş-gəliş baha başa gəlir.
Azərbaycan auditoriyası üçün saytların çoxu Avropa serverlərində yerləşir (mənim saytım da Frankfurtdadır). Bu normaldır. Amma server ABŞ-dadırsa və müştərilərin hamısı Bakıdadırsa, server yerini dəyişmək və ya statik faylları CDN-ə vermək məntiqlidir.
Sahibkar üçün yoxlama siyahısı
- PageSpeed Insights-da ana səhifəni və ən vacib bir-iki səhifəni yoxla. Mobil nəticəyə bax.
- Search Console-da “Core Web Vitals” hesabatını aç. Hansı qrup səhifələr “zəif”dir?
- Saytdakı bütün kənar xidmətlərin siyahısını çıxar: çat, analitika, piksellər, vidcetlər. Hər birinin niyə orada olduğunu bil.
- Sayta yüklənən şəkillərin ölçüsünə bax. Bir şəkil 1 MB-dan böyükdürsə, problem var.
- Proqramçıdan rəqəm istə: “TTFB nə qədərdir, LCP elementi hansıdır, səhifə neçə SQL sorğusu edir?”
- Hər dəyişiklikdən sonra yenidən ölç. Real istifadəçi məlumatının yenilənməsi 28 gün çəkir, ona görə səbr et.
Proqramçı üçün yoxlama siyahısı
- TTFB-ni ölç (
curl -w "%{time_starttransfer}"və ya DevTools). 0,8 saniyədən çoxdursa, başla oradan. - Django-da
django-debug-toolbarilə sorğu sayına bax. N+1 tap,select_relatedvəprefetch_relatedəlavə et. - Tez-tez dəyişməyən səhifələr və fraqmentlər üçün keş qur.
- Yönləndirmə zəncirini bir addıma endir.
- LCP elementini tap. Şəkildirsə: düzgün ölçü, WebP/AVIF,
fetchpriority="high", lazy-load yoxdur. - Bütün şəkillərə
widthvəheightyaz. - Render-blokedici CSS və JS-i azalt. Skriptlərə
defer, kənar skriptləri gecikdir. - Statik fayllara uzun keş, gzip/Brotli, lazım olsa CDN.
- Şriftləri WOFF2-yə keçir,
font-displayyaz, lazımsız çəkiləri sil. - Nəticəni PageSpeed Insights və Search Console ilə yoxla.
Sonda
Yavaş sayt adətən bir böyük səhvin yox, on kiçik qərarın nəticəsidir. Hər biri “cəmi yarım saniyə” idi. Onları tapmağın yolu təxmin yox, ölçmədir.
Bu yazı biznesdə ən çox rast gəlinən texniki problemlər seriyasının bir hissəsidir. Saytın yavaşdırsa və harada ilişdiyini birlikdə tapmaq istəyirsənsə, sayt sifarişi səhifəsinə bax və ya yaz.
Mənbələr
- Web Vitals, web.dev
- Largest Contentful Paint (LCP), web.dev
- Interaction to Next Paint (INP), web.dev
- Cumulative Layout Shift (CLS), web.dev
- INP Core Web Vital oldu, web.dev
- Time to First Byte (TTFB), web.dev
- LCP-ni optimallaşdırmaq, web.dev
- Şriftlər üçün tövsiyələr, web.dev
- Kənar JavaScript-in yüklənməsi, web.dev
- Core Web Vitals və Google Axtarış, Google Search Central
- Core Web Vitals hesabatı, Search Console Help
- PageSpeed Insights haqqında, Google
- Chrome UX Report (CrUX), Chrome for Developers
- WebP, Google for Developers
- Page Weight, HTTP Archive Web Almanac 2024
- QuerySet API: select_related və prefetch_related, Django
-
TikSocket nədir? Bənzəri varmı?
2026-11-16 · 8 min
-
DDD nədir? Necə tətbiq olunur?
2026-11-15 · 14 min
-
Epoint ödənişini sayta necə qoşmaq olar
2026-11-12 · 8 min