Skip to content
qiyas.cc
Problem Solver
cc · blog · Business 2026-11-10 · 9 min

Biznesdə ən çox rast gəlinən texniki problemlər və həlləri

Kiçik və orta biznesin başına ən çox gələn texniki problemlər: əlaməti, niyə olduğu və nə etmək lazım olduğu. Rəqəmlər mənbəli, məsləhətlər öz layihələrimdən.


Texniki problem biznesə heç vaxt “texniki problem” adı ilə gəlmir. Gələn şey belə görünür: “müştəri dedi sayt açılmır”, “dünən ödəniş iki dəfə çıxıb”, “Instagram-dan yazan adam itdi”, “proqramçı getdi, parolu heç kim bilmir”.

Bu yazı həmin cümlələrin arxasında nə olduğunu açır. Hər problem üçün üç şey var: əlaməti, niyə belə olur və nə etmək lazımdır. Rəqəmlər mənbəlidir, aşağıda siyahısı var. Məsləhətlərin çoxu isə öz işimdən gəlir: eyni problemləri öz layihələrimdə həll etməli olmuşam.

Seriyanın digər yazıları ayrı-ayrı mövzuları dərindən açır. Burada xəritədir, ətraflısı linklərdə.

1. Sayt yavaş açılır

Əlamət. Telefonda sayt ağ ekranla bir neçə saniyə gözlədir. Reklama pul gedir, satış gəlmir.

Niyə olur. Ağır şəkillər, ucuz və uzaq server, hər səhifədə onlarla skript, keşin olmaması. Çox vaxt sayt sifarişçinin ofisdəki sürətli internetində və yeni noutbukunda yoxlanılıb, müştərinin köhnə telefonunda yox.

Nə etməli. Əvvəlcə ölçmək. Google-un özü saytın sürətini üç göstəricilə qiymətləndirir: əsas məzmun 2,5 saniyəyə görünməlidir (LCP), toxunuşa cavab 200 millisaniyədən gec olmamalıdır (INP), səhifə yüklənərkən hissələr yerindən oynamamalıdır (CLS 0,1-dən az). Bu həddlər real istifadəçilərin 75 faizi üçün keçməlidir, bir nəfərin kompüteri üçün yox.

Köhnə, amma hələ də yerində olan bir rəqəm: Google-un 2016-cı il məlumatına görə mobil saytlara girişlərin yarıdan çoxu səhifə 3 saniyədə açılmayanda yarımçıq qalır. Rəqəm köhnədir, səbirsizlik isə artıb.

Ətraflısı: Saytım niyə yavaş açılır və necə düzəlir.

2. Domenin və SSL-in vaxtı keçir

Əlamət. Bir səhər sayt açılmır, ya da brauzer qırmızı “təhlükəli sayt” xəbərdarlığı göstərir. Poçt da dayanıb.

Niyə olur. Domeni kimsə üç il əvvəl öz kartı ilə alıb. Kartın vaxtı bitib, xatırlatma məktubları da artıq orada işləməyən birinin poçtuna gedir.

Burada iki fakt bilmək lazımdır:

  • .com kimi ümumi domenlər üçün ICANN qeydiyyatçıdan tələb edir ki, sahibə vaxt bitməzdən təxminən bir ay və bir həftə əvvəl xəbərdarlıq göndərsin. Domen silinəndən sonra da adətən 30 günlük bərpa müddəti olur. Yəni xəbərdarlıqlar gəlir. Sual odur ki, kimə gəlir.
  • SSL sertifikatları qısalır. CA/Browser Forum 2025-ci ildə qərar verib: sertifikatın maksimum ömrü 398 gündən mərhələlərlə 47 günə enəcək, son mərhələ 2029-cu ilin martındadır. Let’s Encrypt standart sertifikatlarını 2027-ci ilin fevralında 64 günə, 2028-ci ilin fevralında 45 günə endirir. Əl ilə yenilənən sertifikat bu tempdə mütləq unudulacaq.

Nə etməli. Domendə avtomatik yeniləməni aç, karta və poçta baxan adamı təyin et. SSL-i yalnız avtomatik yenilə. emlakagenti.az-da hər agent öz saytını alanda DNS qeydi, server konfiqurasiyası və SSL sertifikatı insan əli dəymədən yaradılır. Səbəb tənbəllik deyil: çox sayda saytın sertifikatını əl ilə izləmək mümkün deyil.

3. Domen, hosting və hesablar başqasının adınadır

Əlamət. Saytı düzəldən adamla yollar ayrılıb. Domen onun hesabındadır, server onun kartındadır, admin parolu onun telefonundadır.

Niyə olur. Başlanğıcda bu rahat görünür: “sən hər şeyi qur, mən biznesimlə məşğul olum”. Problem ayrılıq günündə ortaya çıxır.

Nə etməli. Domen qeydiyyatçısında hesab biznesin öz poçtu ilə açılsın, proqramçı ora əlavə istifadəçi kimi qoşulsun. Eyni qayda serverə, koda (GitHub və ya GitLab), ödəniş sisteminin kabinetinə və sosial şəbəkələrə aiddir. Sadə bir sənəd saxla: hansı hesab, kimin adına, harada. Bir proqramçıdan asılı qalmaq, o proqramçı mən olsam belə, yaxşı biznes modeli deyil.

4. Ehtiyat nüsxə yoxdur, ya da var, amma heç vaxt yoxlanmayıb

Əlamət. Server sıradan çıxanda, yaxud baza şifrələnəndə məlum olur ki, “ehtiyat nüsxə” ya yoxdur, ya da eyni serverdə, eyni parolun arxasındadır.

Niyə olur. Ehtiyat nüsxə işləyəndə görünmür. Ona görə də heç kim yoxlamır.

Verizon-un 2026-cı il DBIR hesabatına görə ransomware (məlumatı şifrələyib fidyə istəyən hücum) bütün sızmaların 48 faizində olub, bir il əvvəl bu rəqəm 44 faiz idi. Eyni hesabat yazır ki, kiçik təşkilatlar ransomware-dən qeyri-mütənasib dərəcədə əziyyət çəkir.

Nə etməli. ABŞ-ın kibertəhlükəsizlik agentliyi CISA-nın tövsiyəsi sadədir: vacib məlumatın şifrələnmiş və oflayn ehtiyat nüsxəsini saxla və bərpanı mütəmadi sına. Praktikada geniş yayılmış qayda “3-2-1”-dir: üç nüsxə, iki fərqli yerdə, biri tamamilə kənarda. Ən vacib hissə isə sonuncu addımdır: ildə bir neçə dəfə nüsxəni təmiz yerə bərpa et və saytın, yaxud bazanın həqiqətən qalxdığını öz gözünlə gör. Yoxlanmamış ehtiyat nüsxə ehtiyat nüsxə deyil, ümiddir.

5. Parollar oğurlanır, hesablar ələ keçirilir

Əlamət. Instagram hesabı “hack olunub”, admin panelinə tanımadığın biri girib, poçtdan müştərilərə saxta hesab-faktura gedib.

Niyə olur. Eyni parol hər yerdə işlədilir, iki addımlı təsdiq (MFA) bağlıdır, bir işçinin parolu başqa saytın sızmasında artıq internetdə gəzir.

DBIR 2026-da kiçik və orta biznes üzrə ayrıca bölmə var: 7 152 təsdiqlənmiş sızma. İlkin giriş yollarında birinci yerdə proqramdakı boşluqdan istifadədir (26 faiz), sonra oğurlanmış hesab məlumatı (13 faiz) və fişinq (9 faiz) gəlir. Sızmaların 55 faizində üçüncü tərəf iştirak edib, 45 faizində insan amili var.

Nə etməli.

  • MFA-nı hər yerdə aç, ən əvvəl poçtda. Microsoft-un 2023-cü il araşdırması göstərib ki, MFA hesabın ələ keçirilmə riskini 99,22 faiz azaldır, parol artıq sızmış olsa belə 98,56 faiz. SMS-dən tətbiq (authenticator) daha yaxşıdır.
  • Parol menecerindən istifadə et. Hər hesaba ayrı, uzun parol, yadda saxlamaq lazım deyil.
  • Parolları məcburi dəyişdirməyi dayandır. ABŞ-ın NIST standartı (SP 800-63B) artıq birbaşa deyir ki, parolu müəyyən vaxtdan bir dəyişdirməyi tələb etmək olmaz. Bunun əvəzinə yeni parol məlum sızmış parollar siyahısı ilə yoxlanmalıdır, tək faktorla işləyən parol isə ən azı 15 simvol olmalıdır.
  • Sızmaları yoxla. Have I Been Pwned-in Pwned Passwords xidməti parolun sızıb-sızmadığını parolun özünü göndərmədən yoxlamağa imkan verir: yalnız heşin ilk 5 simvolu gedir.

Admin panelləri üçün mən Django Admin Secure Pack yazmışam: /admin/-ə girmək istəyəndə birdəfəlik açar Telegram-a gəlir, açar olmadan giriş yoxdur. Kiçik şeydir, amma “parolu bilən hər kəs içəridədir” vəziyyətini bağlayır.

6. Proqram təminatı yenilənmir

Əlamət. Saytın idarəetmə paneli “yeniləmə var” deyir və bu yazı aylardır oradadır. Kimsə toxunmağa qorxur, çünki “son dəfə yeniləyəndə sayt sınmışdı”.

Niyə olur. Yeniləmə iş kimi görünmür, nəticəsi görünmür, riski isə görünür.

DBIR 2026-ya görə boşluqdan istifadə artıq bütün sızmalarda ən çox yayılmış ilkin giriş yoludur (31 faiz). Daha pisi: CISA-nın “aktiv istifadə olunan boşluqlar” kataloqundakı kritik boşluqların yalnız 26 faizi təşkilatlar tərəfindən tam bağlanıb, tam bağlanmanın median müddəti isə 43 gündür.

Nə etməli. Yeniləməni təsadüfə yox, cədvələ qoy: ayda bir dəfə, test mühitində əvvəlcə. Plaginlərin sayını azalt, hər əlavə plagin əlavə qapıdır. Serveri, bazanı və saytın özünü kimin yenilədiyi yazılı olsun.

7. İnsanlar kompüterin işini görür

Əlamət. Menecer gününün yarısını eyni məlumatı bir yerdən başqa yerə köçürməyə sərf edir. Eyni elan beş saytda ayrı-ayrı yerləşdirilir, qiymət dəyişəndə yenə beş dəfə.

Niyə olur. Hər alət ayrıca alınıb, bir-biri ilə danışmır. Bəzən danışa da bilmir: məsələn, Azərbaycanın əsas elan saytlarının elanlar üçün açıq API-si yoxdur.

Nə etməli. Bir həftə ərzində təkrarlanan işləri qeyd et: nə, kim, neçə dəqiqə. Gündə 10 dəfədən çox təkrarlanan hər iş avtomatlaşdırma namizədidir.

Öz nümunələrim:

8. Məlumat hər yerdədir, heç yerdə deyil

Əlamət. Müştəri haqqında bilgi WhatsApp yazışmasında, menecerin bloknotunda, Excel faylında və bir neçə nəfərin yaddaşındadır. İşçi gedəndə müştəriləri də onunla gedir.

Niyə olur. Biznes böyüyür, proseslər isə başlanğıcdakı kimi qalır.

Nə etməli. Bir mərkəz: CRM, yaxud sənin işinə uyğun sadə panel. Hazır CRM həmişə uyğun gəlmir. Daşınmaz əmlak sahəsində bunu ətraflı açmışam: Əmlak agentliyi üçün CRM: nə lazımdır.

Sistem böyüdükcə başqa problem başlayır: kod biznesin dilində danışmır, hər dəyişiklik bahalaşır. Bunun dərmanlarından biri domen yönümlü dizayndır: DDD nədir? Necə tətbiq olunur?

9. Müştəri WhatsApp-dadır, biznes isə orada yoxdur

Əlamət. Mesajlar gecə gəlir, səhər cavablanır. Bəzən heç cavablanmır. Eyni sual gündə əlli dəfə gəlir.

Niyə olur. WhatsApp şəxsi telefonda, bir nəfərin əlindədir. O yatanda biznes də yatır.

Nə etməli. Rəsmi WhatsApp Business Platform üzərindən bot və operator paneli. Mənim layihələrimdə müştəri ilə əsas kanal çox vaxt elə WhatsApp olur: Khalif Estate daşınmaz əmlak agentliyini başdan-ayağa WhatsApp üzərindən işlədir, Oyun Qurdu-da WhatsApp botu və canlı dəstək konsolu var. Botun biznesə real olaraq nə verdiyini və nə vermədiyini ayrıca yazmışam: WhatsApp botu biznesə nə qazandırır.

10. Ödəniş: pul çıxıb, sifariş yoxdur

Əlamət. Müştəri deyir ki, kartdan pul çıxıb, sistem isə sifarişi ödənilməmiş göstərir. Yaxud əksinə: bir sifarişə görə iki dəfə pul tutulub.

Niyə olur. İnteqrasiya “uğurlu ssenari” üçün yazılıb. Bank səhifəsindən geri qayıdan yönləndirməyə etibar edilib, ödəniş sisteminin imzalı bildirişi (callback) yoxlanmayıb. Bağlantı kəsiləndə sorğu kor-koranə təkrarlanıb.

Nə etməli. Ödənişin statusunu yalnız imzası yoxlanmış callback-dən və ya ödəniş sisteminə birbaşa status sorğusundan götür. Pul hərəkət etdirən sorğunu cavabı bilinməyəndə avtomatik təkrarlama. Mən Epoint Python SDK-nı məhz bu qayda üzərində qurmuşam: pul hərəkət etdirən sorğuda vaxt aşımı olarsa, kitabxana sorğunu təkrarlamır, sifariş nömrəsi ilə xəta qaytarır ki, əvvəlcə status yoxlanılsın. Addım-addım bələdçi: Epoint ödənişini sayta necə qoşmaq olar.

11. Sayt düşəndə ilk xəbər tutan müştəridir

Əlamət. “Sayt dünəndən açılmır” mesajını müştəridən alırsan.

Niyə olur. Heç kim baxmır. Server susur, poçt susur.

Nə etməli. Sadə monitorinq kifayətdir: saytı hər dəqiqə yoxlayan və problem olanda Telegram-a yazan bir xidmət. Pulsuz və açıq mənbəli variant Uptime Kuma-dır, öz serverinə qurulur, Telegram daxil onlarla bildiriş kanalını dəstəkləyir. SSL sertifikatının və domenin bitmə tarixlərini də izləmək olar. Monitorinqin qurulması bir saatlıq işdir, onsuz itirilən gün isə daha bahadır.

12. Hər şeyi bir nəfər bilir

Əlamət. “Bunu yalnız Elçin bilir.” Elçin isə məzuniyyətdədir.

Niyə olur. Komandada buna “bus factor” deyirlər: neçə nəfər yox olsa, layihə dayanar. Kiçik biznesdə bu rəqəm çox vaxt birdir.

Nə etməli. Hesabların siyahısı (3-cü bənd), qısa sənədləşdirmə (“server harada, necə yenidən başladılır, ehtiyat nüsxə harada”), kod repozitoriyada, bir nəfərin noutbukunda yox. Mükəmməl sənəd lazım deyil. Lazım olan odur ki, o adam olmayanda başqası işə başlaya bilsin.

Bu həftə yoxla

Nəyi Necə yoxlanır
Domen Bitmə tarixinə və avtomatik yeniləməyə bax. Hesab kimin poçtundadır?
SSL Avtomatik yenilənir, yoxsa kimsə əl ilə edir?
Ehtiyat nüsxə Son bərpa testi nə vaxt olub?
Poçt və admin panellər MFA açıqdır?
Parollar Ortaq parol varmı? Parol meneceri varmı?
Yeniləmələr Paneldə gözləyən yeniləmə varmı?
Monitorinq Sayt düşsə, kim neçə dəqiqəyə xəbər tutur?
Hesablar Kimin adınadır, siyahı varmı?
Sürət Telefonda, mobil internetdə aç və saniyəni say.

Sonda bir söz

Bu problemlərin heç biri təkcə texnologiya ilə həll olunmur. Çoxu vaxtında baxmaq, sakit düşünmək və “hələ ki işləyir” deməyi dayandırmaqla həll olunur. Problemi həll edərkən insanın içində nə baş verdiyini ayrıca yazmışam: Texniki problem həll edərkən lazım olan psixoloji vəziyyət.

Bu siyahıdan nəyəsə öz biznesində rast gəlirsənsə, xidmətlərimə buradan bax, ya da birbaşa yaz.

Mənbələr

Oxşar yazılar