TikSocket nədir? Bənzəri varmı?
TikSocket mənim TikTok üçün yazdığım Baileys tipli kitabxanadır. Burada necə işlədiyini, nəyi bacarıb nəyi bacarmadığını və bazarda bənzərlərinin nə etdiyini açıq yazıram.
Qısa cavab: TikSocket TikTok üçün açıq mənbəli Python kitabxanasıdır. QR kodu bir dəfə skan edirsən, sessiya saxlanılır, sonra kodun sənin hesabından video və şəkil karuseli paylaşa, direkt mesajları oxuyub cavab yaza, izləyə, bəyənə, şərh yaza bilir. WhatsApp tərəfində Baileys nə edirsə, TikTok tərəfində TikSocket onu etməyə çalışır.
Bənzəri varmı? Var, amma eyni şeyi edən yoxdur. Hərəsi bir parçanı tutur. Aşağıda hamısını yan-yana qoyuram, rəsmi API-lər də daxil olmaqla.
Kod GitHub-dadır: github.com/qiyascc/tiksocket. Layihə səhifəsi: qiyas.cc/projects/tiksocket.
Baileys nədir və “TikTok üçün Baileys” nə deməkdir
Baileys WhatsApp Web ilə WebSocket üzərindən danışan TypeScript kitabxanasıdır. Telefonla QR skan edirsən, kitabxana sessiyanı faylda saxlayır (useMultiFileAuthState), sonra kodda sock.ev.on("messages.upsert", ...) yazıb gələn mesajları tutursan, sendMessage ilə cavab verirsən. WhatsApp bot yazan çox adam bu modeli tanıyır.
TikTok üçün belə bir şey yox idi. Ya yalnız canlı yayımı oxuyan kitabxanalar var idi, ya yalnız video yükləyənlər, ya da rəsmi API, hansı ki ciddi məhdudiyyətlərlə gəlir. Mən Baileys-in modelini götürüb TikTok-a köçürdüm. Adlar da qəsdən oxşardır:
| Baileys | TikSocket |
|---|---|
makeWASocket({ auth }) |
make_tiktok_socket(auth) |
useMultiFileAuthState("auth_info") |
use_multi_file_auth_state("auth_info") |
sock.ev.on("messages.upsert", ...) |
sock.on("messages.upsert", ...) |
sock.sendMessage(jid, { text }) |
await sock.send_message(chat_id, text) |
Baileys-i bilirsənsə, TikSocket-i beş dəqiqəyə başa düşürsən. Məqsəd bu idi.
Necə işləyir
Burada fərq böyükdür və bunu əvvəldən deməliyəm. Baileys WhatsApp-ın protokolu ilə birbaşa danışır. TikSocket isə Playwright vasitəsilə arxa planda real Chromium brauzeri idarə edir. Yəni TikTok-un sənin brauzerdə açdığın sayt ilə işləyir. İnsan saytda nə edə bilirsə, TikSocket də onu edir, artıq heç nə.
Bunun nəticələri:
- Developer hesabı, tətbiq yoxlaması, API açarı lazım deyil. Öz hesabınla QR ilə daxil olursan.
- Sessiya şifrələnir. Brauzerin vəziyyəti Fernet ilə şifrələnib qovluqda saxlanır. Açar ya parametrdən, ya
TIKSOCKET_KEYmühit dəyişənindən, ya da0600icazəli.keyfaylından gəlir. - Hər hesab üçün bir Chromium profili saxlanılır və bütün əməliyyatlar onu təkrar istifadə edir.
- Hər hərəkət TikTok-un öz cavabı ilə yoxlanılır. İzləmə, bəyənmə, şərh, profil dəyişikliyi TikTok-un JSON cavabı gələnə qədər uğurlu sayılmır. Heç nə dəyişməyibsə,
ActionResult.changedFalseqaytarır. - Mesaj iki dəfə getmir.
client_idverirsənsə, eyni identifikatorla ikinci göndəriş baş vermir. - Captcha çıxanda kitabxana gözləyir. Captcha-nı insan həll edir: veb interfeys şəkli göstərir, sən barmağınla sürüşdürürsən, əməliyyat davam edir. Standart gözləmə 10 dəqiqədir.
- Mesajları dinləmək sorğu ilə olur. TikSocket TikTok-un daxili socket-ini açıq saxlamır, gələnlər qutusunu standart olaraq 25 saniyədən bir yoxlayır və yeni mesajları
messages.upserthadisəsi kimi verir.
Nə edə bilir
README-də hər funksiyanın yanında status var. live o deməkdir ki, real hesabla tiktok.com üzərində yoxlanılıb. ready o deməkdir ki, TikTok-un veb idarəetmə elementləri və öz cavabları üzərində qurulub, oflayn testlərlə yoxlanılıb, amma geniş canlı istifadə gözləyir. Hesabı dəyişən əməliyyatları inkişaf zamanı real hesabda qəsdən sınamamışam.
| Sahə | Nə var | Status |
|---|---|---|
| Giriş | Terminalda və ya veb interfeysdə QR, cookie ilə giriş, “bu sənsən?” yoxlamasına kodla cavab | live |
| Video | Başlıq, heşteq, musiqi axtarışı ilə video paylaşımı | live |
| Şəkil karuseli | 1-dən 35-ə qədər şəkil, başlıq, musiqi | live |
| Direkt mesajlar | Çatların siyahısı, mesajları oxumaq, dinləmək, mətn göndərmək | live |
| Yeni çat, mesaj sorğuları, reaksiya, cavab | Profil adından çat açmaq, sorğunu qəbul və ya silmək | ready |
| İnsanlar | Profil, istifadəçi axtarışı, izləyicilər, münasibət yoxlaması | live |
| İzləmə, blok | Follow, unfollow, block, izləyicini silmək | ready |
| Kontent | Paylaşımın statistikası, istifadəçinin paylaşımları, şərhlər, video yükləmək | live |
| Bəyənmə, şərh, repost | Like, favorite, repost, şərh və cavab | ready |
| Öz paylaşımların | Silmək, bərkitmək (pin), kim görə bilər, şərhlər açıq və ya bağlı | ready |
| Profil | Ad, istifadəçi adı, bio, şəkil, gizli və ya açıq hesab | ready |
| Kəşf | Video və heşteq axtarışı, For You və Explore lentləri, bildirişlər | live |
Bunun üstündə üç istifadə yolu var:
- Python kitabxanası, Baileys üslubunda socket və hadisələrlə;
- CLI, 50 əmr, QR kodu birbaşa terminalda çap edir;
- Veb interfeys və REST API,
8787portunda, token ilə qorunur, hadisələr SSE və WebSocket ilə axır.
REST API olduğu üçün Node.js, PHP və ya istənilən dildən çağırmaq olur. Ayrıca Node versiyası hələ yoxdur.
Kodda belə görünür
import asyncio
from tiksocket import make_tiktok_socket, use_multi_file_auth_state
from tiksocket.terminal import show_qr
async def main():
sock = make_tiktok_socket(use_multi_file_auth_state("auth_info"))
sock.on("qr", show_qr)
@sock.on("messages.upsert")
async def on_messages(event):
for message in event["messages"]:
if not message.from_me and message.kind == "text":
await sock.send_message(message.chat_id, "Salam, tezliklə cavab verəcəyik",
client_id=f"auto-{message.id}")
if await sock.connect() is None:
await sock.wait_for_login(timeout=300)
await sock.post_photos(["1.jpg", "2.jpg", "3.jpg"], "Yeni elan #baku", title="3 otaqlı mənzil", auto_sound=True)
await sock.start_listening(interval=20)
asyncio.run(main())
Terminaldan isə belə:
pip install git+https://github.com/qiyascc/tiksocket
playwright install chromium
tiksocket login
tiksocket post photos a.jpg b.jpg --title "3 otaqlı mənzil" -c "#baku" --auto-sound
tiksocket listen
--dry-run verəndə TikSocket yükləmə səhifəsində hər şeyi doldurur, amma “Post” düyməsini basmır. Sınamaq üçün ən rahat yol budur.
Nə edə bilmir
Bunu gizlətmək mənasızdır, sabah sən özün görəcəksən.
- Story yoxdur. TikTok-un saytında story yükləmək yoxdur, yalnız telefondadır.
- DM-də şəkil, səs, fayl göndərmək yoxdur. Veb çatda yalnız mətn qutusu və emoji var. TikSocket yalnız mətn göndərir.
- Bio-ya sayt linki veb redaktorda yoxdur.
- Duet, stitch, LIVE yalnız tətbiqdədir.
- Mesaj sorğusu qəbul olunmayıbsa, TikTok bir mesajdan artıq göndərməyə icazə vermir. Kitabxana bunu
RequestPendingxətası ilə bildirir. - Köhnə çat tarixçəsi yalnız görünən pəncərədən oxunur.
- Sürət. Real brauzer birbaşa HTTP sorğusundan yavaşdır və daha çox yaddaş yeyir. Bu, sabitliyin qiymətidir.
- TikTok saytını dəyişəndə bəzi seçicilər sına bilər. Hər vacib düymə üçün bir neçə ehtiyat seçici var, amma zəmanət yoxdur.
- PyPI-da yoxdur. Hələlik GitHub-dan qurulur. Versiya 0.2.0-dır, yəni layihə gəncdir.
Bənzəri varmı?
Hər birini öz README-sindən və rəsmi sənədlərdən yoxladım. Cədvəldə “giriş” sütunu kitabxananın hesaba necə daxil olduğunu göstərir.
| Layihə | Nə edir | Necə işləyir | Dil | Rəsmi? |
|---|---|---|---|---|
| TikSocket | Paylaşım, DM oxumaq və göndərmək, izləmə, bəyənmə, şərh, profil, axtarış, hadisələr | Real Chromium, QR ilə giriş | Python, CLI, REST | Yox |
| Baileys | WhatsApp üçün eyni model | WebSocket, WhatsApp Web protokolu | TypeScript | Yox, WhatsApp üçündür |
| TikTokLive | Canlı yayımı oxuyur: şərhlər, hədiyyələr, bəyənmələr, izləmələr | TikTok-un Webcast WebSocket-i, imza serveri (Euler Stream) | Python | Yox |
| TikTok-Live-Connector | Canlı yayım hadisələri, sessiya və imza açarı ilə canlı çata mesaj | Webcast, imza serveri (Euler Stream) | Node.js | Yox |
| TikTok-Api | Trendlər, istifadəçi və video məlumatı oxuyur, paylaşa bilmir | Playwright, girişsiz | Python | Yox |
| tiktok-uploader | Video yükləmək, planlamaq | Playwright | Python | Yox |
| autotok | Video yükləmək və planlamaq, hər hesaba proxy | Giriş və imza üçün brauzer | Python, TypeScript, Go | Yox |
| ReLttk | DM botu, plaginlər, qrup çatları, media yükləmək | Brauzersiz, TikTok-un daxili endpointləri və WebSocket-i | Python | Yox |
| Content Posting API | Video və şəkil paylaşımı | OAuth, developer tətbiqi | İstənilən | Bəli |
| Display API | İstifadəçinin profili və son videoları | OAuth, user.info.basic, video.list |
İstənilən | Bəli |
| Business Messaging API | Biznes hesabları üçün DM | Yoxlamadan keçmiş tətbiq, uyğun biznes hesabı | İstənilən | Bəli |
Bir neçə qeyd:
- ReLttk mənim layihəm deyil. GitHub profilimdə onun fork-u var, müəllifi Linkmail16-dır. Yanaşması TikSocket-in əksidir: brauzer yoxdur, TikTok-un daxili endpointləri və WebSocket-i tərs mühəndislik ilə istifadə olunur. Daha sürətlidir, DM-də media da işləyir, amma TikTok imza alqoritmini dəyişəndə daha tez sınır. README-si özü də “erkən mərhələ” deyir.
- TikTokLive və TikTok-Live-Connector canlı yayım üçün ən yaxşı seçimdir. Mənim TikTok LIVE oyunlarım da canlı yayım hadisələri ilə işləyir (layihə). Amma bunlar hesabdan paylaşım etmir, DM yazmır. İkisinin də README-si açıq deyir ki, bu, istehsal üçün hazır API deyil, tərs mühəndislik layihəsidir.
- TikTok-Api yalnız oxuyur. README-si açıq yazır: paylaşa, yükləyə bilməz və girişli marşrutları dəstəkləmir.
- Uploader-lər yalnız video yükləməyə fokuslanıb. Bir işin varsa, o da video paylaşmaqdırsa, bunlar kifayətdir.
Rəsmi API-lər nə verir
Rəsmi yol həmişə ilk baxılmalı olan yoldur. Problem odur ki, onun da şərtləri var.
Content Posting API. TikTok-un öz qaydalarında yazılıb: yoxlamadan (audit) keçməmiş tətbiqlər yalnız SELF_ONLY görünüşlə paylaşa bilər, 24 saatda ən çox 5 istifadəçi bu tətbiqlə paylaşa bilər və paylaşan hesablar paylaşım anında gizli olmalıdır. Bu məhdudiyyəti qaldırmaq üçün tətbiq TikTok-un yoxlamasından keçməlidir. Yəni bir agentlik üçün sabah işə salmaq olmur, əvvəl yoxlama gözlənilir.
Display API. user.info.basic ilə istifadəçinin əsas profil məlumatını, video.list ilə son videolarının metadatasını verir. Oxumaq üçündür, paylaşım və mesaj yoxdur.
Business Messaging API. Biznes hesabları üçün rəsmi DM API-dir: mesaj göndərmək, çatları və mesajları siyahılamaq, webhook-lar. Amma developer məlumat uyğunluğu yoxlamasından keçməlidir, yalnız müəyyən biznes hesabları dəstəklənir və bəzi regionlarda qeydiyyatdan keçən hesablar bu API ilə işləmir. Adi şəxsi hesab üçün rəsmi DM API yoxdur.
Ona görə də “rəsmi API var, niyə bu lazımdır” sualının cavabı sadədir: rəsmi API sənin ehtiyacını tam ödəyirsə, onu götür. Ödəmirsə, qeyri-rəsmi yol qalır, öz riskləri ilə.
Risk: bunu bilmədən başlama
TikTok öz məxfilik bloqunda yazır ki, xidmət şərtləri TikTok xidmətlərindən məlumat toplamaq və ya onlarla başqa formada qarşılıqlı əlaqə üçün avtomatlaşdırılmış skriptlərin istifadəsini qadağan edir. TikSocket, TikTokLive, uploader-lər, ReLttk, hamısı bu qadağanın altına düşə bilər. Baileys də WhatsApp tərəfində eyni vəziyyətdədir və README-sində bunu açıq yazır.
Praktikada bu o deməkdir:
- Hesab məhdudlaşdırıla və ya bağlana bilər. İtirmək istəmədiyin hesabla sınama.
- Spam etmə. Kütləvi mesaj, kütləvi izləmə, kütləvi şərh həm qaydalara ziddir, həm də ən tez bloklanan şeydir. TikSocket-in README-si də bunu deyir: insanların gələnlər qutusuna hörmət et.
- Sessiya qovluğunu gizli saxla. O qovluq daxil olunmuş TikTok hesabıdır.
- Server açıqdırsa,
TIKSOCKET_TOKENvəTIKSOCKET_KEYtəyin et və HTTPS arxasına qoy.
TikSocket TikTok və ya ByteDance ilə əlaqəli deyil. Öz hesabını öz məsuliyyətinlə avtomatlaşdırırsan.
Hansını nə vaxt seçməli
- Canlı yayımda tamaşaçı hədiyyələrinə, şərhlərinə reaksiya lazımdır: TikTokLive (Python) və ya TikTok-Live-Connector (Node.js).
- Yalnız ictimai məlumat oxumaq lazımdır: TikTok-Api və ya rəsmi Display API.
- Yalnız video yükləmək və planlamaq lazımdır: rəsmi Content Posting API, yoxlamadan keçə bilirsənsə. Keçə bilmirsənsə, uploader-lər.
- Biznes hesabı ilə müştəri mesajlarına cavab lazımdır: əvvəl Business Messaging API-yə bax, hesabın və regionun uyğundursa ondan istifadə et.
- Hamısı bir yerdə lazımdır: paylaşım, DM, izləmə, şərh, profil, bir hesabda, Baileys kimi hadisələrlə. TikSocket məhz bunun üçündür.
Kod açıqdır, MIT lisenziyasıdır. Səhv tapsan və ya TikTok nəyisə dəyişib sındırıbsa, GitHub-da issue aç.
TikTok, WhatsApp və ya başqa platformanı biznes sisteminə bağlamaq lazımdırsa, API inteqrasiya və avtomatlaşdırma səhifəsinə bax və ya birbaşa yaz.
Mənbələr
- TikSocket, GitHub
- Baileys, GitHub
- TikTokLive, GitHub
- TikTok-Live-Connector, GitHub
- TikTok-Api, GitHub
- tiktok-uploader, GitHub
- autotok (TiktokAutoUploader), GitHub
- ReLttk TikTok Client Bot, GitHub
- TikTok for Developers: Content Sharing Guidelines
- TikTok for Developers: Display API
- TikTok API for Business: Business Messaging Overview
- TikTok: How we combat unauthorized data scraping
-
DDD nədir? Necə tətbiq olunur?
2026-11-15 · 14 min
-
Epoint ödənişini sayta necə qoşmaq olar
2026-11-12 · 8 min
-
Saytım niyə yavaş açılır və necə düzəlir
2026-11-11 · 7 min