Texniki problemləri həll edərkən yaradılmalı olan psixoloji vəziyyət
Problem həll edərkən ən böyük problem çox vaxt kodda yox, başımızdadır. Tədqiqatları bir-bir yoxladım: hansı işləyir, hansı mifdir, şahmat taxtası bu barədə nə deyir.
Haqqımda səhifəsində özümü belə təqdim edirəm: “Problem solver, occasionally problematic.” Problem həll edən, bəzən də özü problem olan adam. Bu yazı ikinci hissə haqqındadır. Texniki problem həll edərkən ən böyük problem çox vaxt kodda olmur. Başımızda olur.
Yazmazdan əvvəl bu mövzuda ən çox danışılan tədqiqatları bir-bir yoxladım: orijinal məqalələri, sonrakı təkrarlama cəhdlərini, meta-analizləri. Bəziləri möhkəm çıxdı. Bəziləri internetdə danışıldığı qədər güclü deyil, bəziləri isə ümumiyyətlə təsdiqlənmədi. Hər yerdə hansının hansı olduğunu açıq yazıram. Mif üstündə qurulmuş “motivasiya” yazısı yazmaq istəmirəm.
Əsas düşmən: sənin ilk fikrin
Su qabları
1942-ci ildə Abraham Luchins sadə bir eksperiment edib. İnsanlara üç boş qab verirsən (A, B, C) və deyirsən: bu qablarla dəqiq bu qədər su ölç. İlk bir neçə məsələnin hamısı eyni düsturla həll olunur: B - A - 2C. Məsələn, A = 21, B = 127, C = 3 olanda 100 litr almaq üçün B-ni doldurursan, ondan bir dəfə A-nı, iki dəfə C-ni doldurursan.
Sonra elə məsələlər gəlir ki, həm köhnə uzun düsturla, həm də çox daha sadə yolla (A + C və ya A - C) həll olunur. Məsələn, 15, 39 və 3 litrlik qablarla 18 litr: sadəcə 15 + 3. Əvvəlki məsələləri həll etmiş insanların çoxu yenə uzun düsturu işlədib. O məşqi keçməyən nəzarət qrupu isə sadə yolu görüb.
Luchins buna Einstellung effekti deyib. Almanca “qurulma, ayar” deməkdir. Beyin bir dəfə işləyən yolu tapır və növbəti dəfə daha yaxşısını axtarmağı dayandırır.
Şahmat ustaları da eyni tələyə düşür
Bunu “təcrübəsizlərin problemi” saymaq rahat olardı. Merim Bilalić, Peter McLeod və Fernand Gobet bunu şahmatçılarla yoxlayıblar. Namizəd ustalara, ustalara və beynəlxalq ustalara mövqe veriblər və deyiblər: ən qısa matı tap. Mövqedə iki həll var idi. Biri hər şahmatçının tanıdığı boğulmuş mat (smothered mate), beş gedişə. Digəri daha az tanış, amma üç gedişə.
Tanış həlli tapanların çoxu qısa həlli görməyib. Müəlliflərin hesabına görə, tanış həll yolda olanda ekspertlərin nəticəsi təxminən üç standart sapma aşağı səviyyəli oyunçuların nəticəsinə düşüb. Bu, şahmatda nəhəng fərqdir. Qrossmeysterlər bu konkret mövqedə hamısı qısa həlli tapıblar, amma optimal həll daha çətin olan mövqelərdə onlarda da eyni effekt görünüb. Ümumi nəticə belədir: ustalıq artdıqca effekt zəifləyir, amma yox olmur.
Ən maraqlı hissə göz izləmə (eye tracking) ilə gəlib. Oyunçular “daha yaxşı həll axtarıram” deyiblər. Gözləri isə ilk fikrə aid xanalara qayıtmağa davam edib. Yəni insan səmimi şəkildə axtardığını düşünür, amma diqqəti artıq ilk fikri təsdiqləyən yerlərə bağlanıb.
Proqramçı dilinə tərcümə edim. İyirmi dəfə görmüsən ki, bu cür xəta keşdən gəlir. İyirmi birinci dəfə yenə keş loqlarına baxırsan, orada da nəsə tapırsan (loqda həmişə nəsə tapılır), və saatlarla yanlış yerdə qazırsan. Təcrübə səni sürətləndirir, eyni zamanda gözünü bağlayır.
Qutu problemi
Karl Duncker 1945-ci ildə başqa bir bloku təsvir edib: funksional fiksasiya. İnsanlara şam, içi knopka ilə dolu qutu və kibrit verilir. Tapşırıq: şamı divara elə bərkit ki, mum aşağı damlamasın. Həll: qutunu boşalt, knopka ilə divara vur, şamı içinə qoy. Qutu dolu verilən insanlar onu “knopka qabı” kimi görür və rəf kimi görmək çətinləşir. Qutu ayrıca, boş verilən insanlar həlli daha asan tapıb. (Bir maraqlı detal: bu məsələ hər yerdə “şam problemi” adlanır, amma Duncker özü ona “qutu problemi” deyib.)
Bizdə bu belə görünür: “Redis keşdir”, “loq debaq üçündür”, “bu cədvəl hesabat üçündür”. Alət bir rola yapışanda, onu başqa rolda görmək çətinləşir. Problem isə tez-tez məhz o başqa roldadır.
Stress: beyinin sənə lazım olan hissəsini ilk o söndürür
Gecə saat ikidə prod düşüb, müştəri zəng edir, mesajlar yağır. Məhz bu an beyində ən çox lazım olan hissə prefrontal korteksdir: iş yaddaşı, planlama, diqqəti idarə etmək. Amy Arnsten 2009-cu ildə Nature Reviews Neuroscience jurnalında stress siqnallarının bu bölgəni necə zəiflətdiyini toplayıb. Onun icmalına görə, hətta yüngül, amma nəzarətdən kənar stress heyvanlarda da, insanlarda da prefrontal funksiyanı tez pozur. Eyni siqnallar amigdalanın emosional reaksiyalarını isə gücləndirir. Yəni ağıllı planlayıcı söndükcə, panikaçı güclənir.
Burada açar söz “nəzarətdən kənar”dır. Ona görə də böhran anında etdiyim ilk iş texniki deyil: vəziyyəti nəzarət edilən hala gətirmək. Nə bilirəm, nə bilmirəm, yazıram. Saatı və ilk simptomu qeyd edirəm. Bir dəfəyə bir fərziyyə yoxlayıram. Bu, xaosu bitirmir, amma beyinə “vəziyyət idarə olunur” siqnalı verir.
“Bir az stress faydalıdır” haqqında
Bunu hamı Yerkes-Dodson qanunu ilə əsaslandırır: tərsinə U, orta həyəcan ən yaxşısıdır. Orijinal 1908-ci il məqaləsini oxudum. Robert Yerkes və John Dodson 40 rəqqas siçanla işləyiblər. Siçanlar ağ və qara qutu arasında seçim edib, səhv seçimdə elektrik zərbəsi alıblar. Fərq asan görünəndə ən güclü zərbə ən sürətli öyrənməni verib. Fərq çətinləşdikcə ən yaxşı nəticə daha zəif zərbəyə keçib. Müəlliflərin öz sözləri ilə: çətin vərdiş yalnız nisbətən zəif stimul altında asan qazanılır.
Yəni bu, siçanlar, elektrik zərbəsi və vərdiş öyrənmə haqqında bir tapıntıdır. Karl Halvor Teigen 1994-cü ildə bu “qanunun” sonrakı tarixini izləyib və göstərib ki, sonrakı müəlliflər dəyişənlərin mənasını dəfələrlə dəyişiblər və bu dəyişiklikləri yanlış olaraq Yerkes və Dodsona aid ediblər. Məqaləsinin adı da elədir: “bütün fəsillər üçün qanun”. Mənim bundan çıxardığım praktik nəticə sadədir: çətin problemdə panik deadline yaratmaq işə kömək etmir. 1908-ci il siçanları da bununla razı olardı.
Axın: sehr deyil, şərait
Mihaly Csikszentmihalyinin axın (flow) anlayışını hamı bilir: işə elə qapılırsan ki, vaxt yox olur. Onun təsvirində bu vəziyyətin şərtləri var: aydın məqsəd, dərhal gələn əks-əlaqə və tapşırığın çətinliyi ilə bacarığın uyğunluğu. Debaqda bu şərtləri özüm qururam:
- Aydın məqsəd. “Hər şeyi düzəlt” məqsəd deyil. “Bu test yaşıl olsun” məqsəddir.
- Dərhal əks-əlaqə. Xətanı saniyələr ərzində təkrarlayan kiçik test və ya skript. Hər yoxlama beş dəqiqə çəkəndə axın olmur, yalnız gözləmə olur.
- Uyğun çətinlik. Problem çox böyükdürsə, hissələrə bölürəm. Çox asandırsa, diqqət dağılır və səhvlər məhz orada olur.
Namizəd gedişlər: Kotov üsulu və Kotov sindromu
Aleksandr Kotov 1971-ci ildə ingilis dilində çıxan “Think Like a Grandmaster” kitabında hesablama üsulunu təsvir edib: əvvəlcə namizəd gedişləri müəyyən et, sonra hər birini bir dəfə hesabla, sonda nəticələri müqayisə et. Bu üsulu tənqid edənlər də var. Bəzi güclü oyunçular deyir ki, real oyunda heç kim bu qədər sərt düşünmür. Amma əsas ideya möhkəmdir və Bilalićin tapıntısı ilə də üst-üstə düşür: ilk fikrə aşiq olmamışdan əvvəl alternativləri yaz.
Kotovun adı ilə bağlı bir də “Kotov sindromu” var: oyunçu uzun müddət hesablayır, heç nəyə qərar verə bilmir, vaxt bitir və sonda ümumiyyətlə yoxlamadığı bir gedişi edir. Proqramçı versiyası: üç saat analiz, sonra gecə saat dörddə prod-a heç yoxlanmamış “fix”. Gecə dörddə oyaq olmağın nə olduğunu bilirəm, bloqumda da yazmışam. Ona görə bu sindromu tanıyıram.
Debaqda mənim versiyam belədir:
- İlk fərziyyəni yoxlamazdan əvvəl ən azı üç fərziyyə yazıram.
- Hər biri üçün yazıram: bu fərziyyəni nə təkzib edər? Yalnız təsdiq axtaranda Bilalićin şahmatçıları kimi göz ilk fikrə qayıdır.
- Ən ucuz yoxlanılandan başlayıram, ən çox inandığımdan yox.
Gedişin təhlükəsizdirmi?
Şahmat müəllimi Dan Heisman “Is Your Move Safe?” kitabında sadə sual qoyur: gediş o zaman təhlükəsizdir ki, rəqibin cavabında material udan və ya mat verən məcburi davamı yoxdur. Onun bloqundakı yoxlama sualı: rəqib cavabında şah, alma və ya hədə edə bilərmi ki, mən onu dəf edə bilməyim?
Hər deploy-dan əvvəl özümə eyni sualı verirəm: bu dəyişiklik nəyə toxunur, onu kim çağırır, geri qaytarmaq mümkündürmü? Xüsusilə məlumat bazası miqrasiyalarında. Geri qaytarılmayan gediş şahmatda da, prod-da da ən bahalısıdır.
İlişəndə: ördək, fasilə, yuxu
Rezin ördək
Andrew Hunt və David Thomasın “The Pragmatic Programmer” kitabında (1999) bir proqramçının hekayəsi var: ilişəndə kodu sətir-sətir rezin ördəyə izah edirmiş. İzah edərkən fərziyyələrini səsli deməyə məcbur olursan və tez-tez “bu dəyişən burada niyə…” deyib özün dayanırsan. Düzünü deyim: bu, laboratoriya tapıntısı yox, praktiklərin təcrübəsidir. Amma pulsuzdur və işləyir. Ördəyin rolunu həmkar, qeyd dəftəri və ya yarımçıq yazılmış sual da oynaya bilər.
Fasilə (inkubasiya)
“Bir az gəzib gəl, özü gələcək.” Bu barədə ən ciddi mənbə Ut Na Sio və Thomas Ormerodun 2009-cu il meta-analizidir. Onlar 117 tədqiqatı birləşdiriblər. Nəticə: inkubasiya effekti var, amma kiçik-orta ölçüdədir və şərtlərdən asılıdır:
- Fasilədən əvvəl ciddi işləmisənsə, effekt daha böyükdür. Problemə yalnız beş dəqiqə baxıb gəzməyə getmək inkubasiya deyil, qaçmaqdır.
- Fasilədə ağır zehni işə keçəndə effekt azalır. Başqa çətin baqa keçmək fasilə deyil.
- Yüngül iş (yeriş, qab yumaq kimi) dil əsaslı insayt məsələlərində hətta tam istirahətdən daha yaxşı nəticə verib.
Yuxu
Ullrich Wagner və həmkarlarının 2004-cü ildə Nature-da çıxan “Sleep inspires insight” tədqiqatı çox sitat gətirilir. Rəqəmlərə baxdım. 66 nəfər rəqəm sətirləri ilə gizli qaydası olan tapşırıq üzərində məşq edib. Sonra 8 saat: bir qrup gecə yatıb, iki qrup oyaq qalıb (gecə və ya gündüz). Yatanların 13-ü 22 nəfərdən (59,1%) gizli qaydanı kəşf edib. Oyaq qalan qrupların hər birində bu rəqəm 22 nəfərdən 5 olub (22,7%). Vacib detal: əvvəlcədən məşq etməyən insanlarda yuxu kömək etməyib (25%).
Amma hər şey bu qədər gözəl deyil. Monika Schönauer və həmkarları 2018-ci ildə klassik insayt məsələləri və sehrbaz fəndləri ilə yoxlayıblar: 77 iştirakçı, sessiyalar arasında 3 saat, yuxu ya oyaqlıq. Yuxu nə həll sayına, nə də “aha” anlarına təsir edib.
Praktik nəticə: yuxu problemi əvvəlcə beyinə “yükləmisənsə” kömək edə bilər və hər növ problemdə yox. “Yatım, səhər özü həll olunacaq” zəmanət deyil. Amma gecə dörddə yorğun beyinlə prod-a fix itələmək, Kotov sindromunun ən klassik formasıdır.
Əhval
Alice Isen, Kimberly Daubman və Gary Nowicki 1987-ci ildə göstəriblər ki, bir neçə dəqiqəlik komediya filmi və ya kiçik paket konfet Dunckerin həmin qutu məsələsində və başqa yaradıcı tapşırıqlarda nəticəni yaxşılaşdırır. 2009-cu ildə Karuna Subramaniam, John Kounios və həmkarları fMRI ilə göstəriblər ki, pozitiv əhvalı yüksək olan iştirakçılar daha çox məsələni həll ediblər, özü də daha çoxunu insaytla. Beyində ön singulyar korteks (ACC) həm əhvala, həm insayta reaksiya verib.
Bundan “zorla xoşbəxt ol” nəticəsi çıxmır. Amma əsəbi halda, kimisə günahlandırmağa hazırlaşarkən debaq etmək, bu tədqiqatlara görə də ən pis variantdır.
Mif yoxlaması: iradə batareyası və yarımçıq işlər
“İradəm bitdi.” Uzun illər ego depletion nəzəriyyəsi deyirdi ki, iradə batareya kimidir və istifadə etdikcə tükənir. 2016-cı ildə 23 laboratoriya, 2141 iştirakçı ilə əvvəlcədən qeydə alınmış böyük təkrarlama aparılıb. Effektin ölçüsü d = 0,04 çıxıb, etibarlılıq intervalı sıfırı da əhatə edir. Yorğunluq realdır, ona şübhə yoxdur. Amma “iradə batareyası” hekayəsi zəifdir. Problemi həll edə bilməməyi “iradəm bitib” ilə izah etmək rahatdır, amma çox vaxt səbəb başqadır: yanlış fərziyyəyə ilişmisən.
“Yarımçıq iş yaddaşda daha yaxşı qalır.” Bu, Zeigarnik effektidir və hər yerdə təkrarlanır. 2025-ci ildə Romain Ghibellini və Beat Meier bu mövzuda meta-analiz dərc ediblər. Yarımçıq işlərin daha yaxşı yadda qalması təsdiqlənməyib. Təsdiqlənən başqa şeydir: insanlarda yarımçıq işə qayıtmaq meyli var (Ovsiankina effekti). Praktik nəticə: işi yarımçıq saxlamaq daha yaxşı xatırlamağa kömək etmir, amma qayıtmağa kömək edir. Ona görə də dayandığım yerdə həmişə bir sətir qeyd qoyuram: növbəti addım nədir.
Sonra: geriyə bax
George Pólya 1945-ci ildə “How to Solve It” kitabında problem həllini dörd mərhələyə bölür: problemi anla, plan qur, planı icra et, geriyə bax. Ən çox atlanan mərhələ sonuncudur. Testlər keçdi, tiket bağlandı, növbəti işə.
Halbuki ən çox şeyi orada öyrənirəm. Read-only data haqqında yazımda köhnə JavaScript və Python versiyalarımı yenidən oxuyanda hər ikisində boşluqlar tapdım. Siyahı optimizasiyası haqqında yazıda köhnə kodumda üç problem tapdım, biri onu öz serverimdə 72 saniyə işlədirdi. Şahmatçılar buna oyundan sonrakı təhlil deyir. Uduzduğun oyunu təhlil etmək xoş deyil. Amma növbəti oyunu udmağın ən ucuz yoludur.
Mənim qaydalarım
| Mərhələ | Nə edirəm |
|---|---|
| Əvvəl | Problemi bir cümlə ilə yazıram. Nə bilirəm, nə fərz edirəm, ayırıram. Xətanı təkrarlayan ən kiçik testi qururam. |
| Zamanı | Ən azı üç fərziyyə. Hər biri üçün: nə onu təkzib edər? Bir dəfəyə bir dəyişiklik. Deploy-dan əvvəl: bu gediş təhlükəsizdirmi? |
| Stress anında | Vəziyyəti nəzarət edilən hala gətirirəm: vaxt xətti, simptomlar, bir fərziyyə. Panika deadline yaratmıram. |
| İlişəndə | Ördəyə (və ya kiməsə) sətir-sətir izah. Ciddi işdən sonra yüngül fasilə. Yüklənmiş problemlə yuxu. Əsəbi halda debaq etmirəm. |
| Dayananda | Bir sətir qeyd: növbəti addım nədir. |
| Sonra | Geriyə baxış: nə səhv fərz etmişdim, bunu növbəti dəfə necə tez tutaram? |
Problemlər məni tapır, mən də onları. Biznesdə ən çox rast gəldiyim texniki problemləri ayrıca yazıda topladım. Sizdə də cavabı axtarışın birinci səhifəsində olmayan bir problem varsa, xidmətlər səhifəsinə baxın və ya yazın.
Mənbələr
- Luchins, A. S. (1942). Mechanization in problem solving: The effect of Einstellung. Psychological Monographs, 54(6). doi:10.1037/h0093502
- Bilalić, M., McLeod, P., Gobet, F. (2008). Inflexibility of experts: Reality or myth? Quantifying the Einstellung effect in chess masters. Cognitive Psychology, 56(2), 73-102. PubMed
- Bilalić, M., McLeod, P., Gobet, F. (2008). Why good thoughts block better ones: The mechanism of the pernicious Einstellung (set) effect. Cognition, 108(3), 652-661. doi:10.1016/j.cognition.2008.05.005
- Duncker, K. (1945). On problem-solving. Psychological Monographs, 58(5). doi:10.1037/h0093599
- Arnsten, A. F. T. (2009). Stress signalling pathways that impair prefrontal cortex structure and function. Nature Reviews Neuroscience, 10(6), 410-422. doi:10.1038/nrn2648
- Yerkes, R. M., Dodson, J. D. (1908). The relation of strength of stimulus to rapidity of habit-formation. Journal of Comparative Neurology and Psychology, 18(5), 459-482. Tam mətn
- Teigen, K. H. (1994). Yerkes-Dodson: A law for all seasons. Theory & Psychology, 4(4), 525-547. doi:10.1177/0959354394044004
- Csikszentmihalyi, M. (1990). Flow: The Psychology of Optimal Experience. Harper & Row.
- Kotov, A. (1971). Think Like a Grandmaster. Batsford.
- Heisman, D. Is Your Move Safe? və Avoiding the big mistake
- Hunt, A., Thomas, D. (1999). The Pragmatic Programmer. Addison-Wesley.
- Sio, U. N., Ormerod, T. C. (2009). Does incubation enhance problem solving? A meta-analytic review. Psychological Bulletin, 135(1), 94-120. doi:10.1037/a0014212
- Wagner, U., Gais, S., Haider, H., Verleger, R., Born, J. (2004). Sleep inspires insight. Nature, 427, 352-355. doi:10.1038/nature02223
- Schönauer, M. və b. (2018). Sleep does not promote solving classical insight problems and magic tricks. Frontiers in Human Neuroscience, 12, 72. doi:10.3389/fnhum.2018.00072
- Isen, A. M., Daubman, K. A., Nowicki, G. P. (1987). Positive affect facilitates creative problem solving. Journal of Personality and Social Psychology, 52(6), 1122-1131. doi:10.1037/0022-3514.52.6.1122
- Subramaniam, K., Kounios, J., Parrish, T. B., Jung-Beeman, M. (2009). A brain mechanism for facilitation of insight by positive affect. Journal of Cognitive Neuroscience, 21(3), 415-432. doi:10.1162/jocn.2009.21057
- Hagger, M. S. və b. (2016). A multilab preregistered replication of the ego-depletion effect. Perspectives on Psychological Science, 11(4), 546-573. doi:10.1177/1745691616652873
- Ghibellini, R., Meier, B. (2025). Interruption, recall and resumption: a meta-analysis of the Zeigarnik and Ovsiankina effects. Humanities and Social Sciences Communications, 12, 962. doi:10.1057/s41599-025-05000-w
- Pólya, G. (1945). How to Solve It. Princeton University Press.