Skip to content
qiyas.cc
Problem Solver
cc · blog · Business 2026-11-14 · 9 min

Əmlak agentliyi üçün CRM: nə lazımdır

Excel cədvəli, WhatsApp yazışması və agentin yaddaşı CRM deyil. Əmlak agentliyinin CRM-ində hansı hissələr olmalıdır, Azərbaycan bazarında nəyə diqqət etmək lazımdır və hazır sistem nə vaxt bəs edir.


Bir çox agentlikdə “CRM” belə görünür: Excel faylı, hər agentin telefonunda WhatsApp, bir də agentin öz yaddaşı. İşləyir. Agent işdən çıxana qədər. O gedəndə onun müştəriləri, sahiblərin nömrələri və “bu ev ay sonu boşalacaq” kimi bilgilər də gedir.

Mən əmlak bazarı üçün bir neçə sistem yazmışam: agentlər üçün platforma, WhatsApp üzərindən işləyən agentlik, elanları bir yerdən beş sayta göndərən servis və bina.az, tap.az, lalafo.az üçün Python kitabxanaları. Bu yazıda o işlərdən çıxardığım nəticəni yazıram: əmlak agentliyinin CRM-ində nə olmalıdır, nə olmasa da olar və nə vaxt hazır sistem bəs edir.

Əvvəlcə: CRM telefon kitabçası deyil

Adi CRM bir şeyi izləyir: müştəri və onunla sövdələşmə. Əmlakda isə iki tərəf var. Bir tərəfdə satan, kirayə verən sahib və onun obyekti. O biri tərəfdə alan, kirayə götürən müştəri və onun tələbi. Agentliyin əsl işi bu iki siyahını bir-birinə bağlamaqdır.

Ona görə də “kontaktlar” cədvəli ilə başlayan sistem tez dalana dirənir. Əmlak CRM-i obyektdən və tələbdən başlamalıdır.

Sistemin əsas hissələri

Hissə Nəyi saxlayır
Obyekt ünvan, xəritədə nöqtə, rayon, metro, otaq sayı, sahə, mərtəbə, təmir, çıxarış (kupça), ipoteka, qiymət, şəkillər
Sahib adı, nömrəsi, hansı obyektlər onundur, razılaşma şərtləri, nə vaxt zəng olunub
Müştəri adı, nömrəsi, haradan gəlib (portal, Instagram, tövsiyə)
Tələb rayonlar, otaq sayı, büdcə, minimum sahə, “son mərtəbə olmasın”, çıxarış şərtdir, alış və ya kirayə
Sövdələşmə hansı tələb hansı obyektə bağlanıb, hansı mərhələdədir
Baxış tarix, saat, agent, obyekt, müştəri, nəticə
Ünsiyyət zənglər, WhatsApp və Telegram yazışmaları, qeydlər
Elan obyekt hansı portalda, hansı statusda, nə vaxt bitir
Agent və komissiya kim nəyə baxır, kim nə qədər qazanıb

Bu cədvəl sistemin skeletidir. Qalanı bu hissələrin üstündə qurulur.

1. Obyekt və sahib

Obyekt kartı ən çox doldurulan formadır, ona görə rahat olmalıdır. Satış və kirayə üçün sahələr fərqlidir: kirayədə depozit, kommunal xərclər, “uşaqlı ailəyə verilir ya yox” vacibdir, satışda isə çıxarışın olub-olmaması və ipotekaya uyğunluq. emlakagenti.az-da elan forması altı addımdır və sahələr sövdələşmənin və obyektin növünə görə dəyişir. Bunun səbəbi sadədir: lazımsız sahə görən agent formanı yarımçıq doldurur.

Sahibi obyektdən ayrı saxlayın. Bir sahibin üç mənzili ola bilər, bir mənzilin də iki sahibi. Sahibin nömrəsi agentliyin ən qiymətli məlumatıdır, ona görə hər agent onu görməməlidir (bu barədə aşağıda, rollarda).

2. Müştəri və onun tələbi

Müştəri ilə tələbi də ayırın. Eyni adam bu gün kirayə axtarır, bir ildən sonra mənzil alır. Bir tələbin də vaxtı keçir: müştəri ev tapır, fikrini dəyişir, şəhərdən köçür. Tələbin statusu olmalıdır: aktiv, dayandırılıb, tapılıb.

Tələbi sərbəst mətn kimi yazmaq olar (“Nərimanovda 3 otaqlı, 300 minə qədər”), amma axtarış üçün onu sahələrə bölmək lazımdır. Khalif Estate-də bunu WhatsApp üzərindən süni intellekt edir: alıcı nə istədiyini adi dillə yazır, sistem ona neçə evin uyğun gəldiyini deyir. Amma arxada yenə də sahələrə bölünmüş tələb var.

3. Uyğunlaşdırma

CRM-in pulunu çıxaran hissə budur. Yeni obyekt gələndə sistem özü deməlidir: “Bu mənzil bu beş müştəriyə uyğundur.” Yeni tələb gələndə də əksinə.

Ən sadə forma sərt filtrlərdir:

from dataclasses import dataclass

@dataclass
class Property:
    district: str
    rooms: int
    area: float
    price: int
    floor: int
    top_floor: int
    has_title_deed: bool

@dataclass
class Request:
    districts: set[str]
    rooms: set[int]
    min_area: float
    max_price: int
    not_top_floor: bool = False
    needs_title_deed: bool = True

def matches(p: Property, r: Request) -> bool:
    if p.district not in r.districts or p.rooms not in r.rooms:
        return False
    if p.area < r.min_area or p.price > r.max_price:
        return False
    if r.not_top_floor and p.floor == p.top_floor:
        return False
    if r.needs_title_deed and not p.has_title_deed:
        return False
    return True

Real həyatda bu bəs etmir. 300 min büdcəsi olan müştəriyə 305 minlik yaxşı mənzil göstərmək olar, “mütləq Nərimanov” deyən adam qonşu rayona da baxa bilər. Ona görə filtrdən sonra bal verilir: qiymət bir az yuxarıdırsa bal azalır, amma obyekt siyahıdan çıxmır. emlakagenti.az-dakı uyğunlaşdırma da faizlə göstərir: bu elan tələbə 96% uyğundur, bu 87%. Agent siyahının başından zəng etməyə başlayır.

4. Sövdələşmə mərhələləri

Satış üçün təxmini mərhələlər:

  1. Yeni müraciət
  2. Tələb dəqiqləşdirildi
  3. Variantlar göndərildi
  4. Baxış təyin olundu
  5. Baxış oldu
  6. Danışıqlar
  7. Beh (avans) alındı
  8. Notariusda bağlandı
  9. Uğursuz (səbəbi ilə)

Kirayədə mərhələlər qısadır, amma bir əlavə var: müqavilənin bitmə tarixi. Bir ildən sonra həmin mənzil yenidən bazara çıxacaq və həmin kirayəçi yenidən ev axtaracaq. Bu tarixi saxlayan agentlik bir sövdələşmədən iki sövdələşmə çıxarır.

“Uğursuz” mərhələsində səbəbi seçmək məcburi olsun: baha gəldi, rayon uyğun deyil, başqa agentlikdən aldı, cavab vermədi. Üç aydan sonra bu səbəblər sizə qiymət siyasəti haqqında Excel-dən çox şey deyəcək.

5. Zənglər və yazışmalar

Azərbaycanda müştəri ilə söhbət, demək olar ki, həmişə WhatsApp-da gedir. Yazışma agentin şəxsi telefonunda qalırsa, o yazışma agentliyin deyil, agentindir. CRM-də bütün yazışmalar bir qutuda olmalıdır və hər yazışma müştəri kartına bağlanmalıdır. emlakagenti.az-da WhatsApp və Telegram mesajları elə bir paneldə cavablandırılır.

Burada sürət vacibdir. Harvard Business Review-da 2011-ci ildə çıxan araşdırmada 2 241 ABŞ şirkətinə saytdan sorğu göndərilib. Sorğuya bir saat içində cavab verən şirkətlərin həmin müştəri ilə ciddi söhbətə çatma ehtimalı bir saat gec cavab verənlərdən təxminən 7 dəfə, 24 saatdan gec cavab verənlərdən isə 60 dəfədən çox yüksək olub. Əmlak üçün ayrıca rəqəm demirəm, amma məntiq eynidir: ilk zəng edən agent qazanır. CRM ona görə yeni müraciəti dərhal kiməsə təyin etməli və cavabsız qalan müraciəti göstərməlidir.

6. Baxış təqvimi

Baxış agentin günüdür. Təqvimdə hər baxış obyektə, müştəriyə və agentə bağlanmalıdır, sahibə də xəbərdarlıq getməlidir. Baxışdan sonra nəticə yazılmalıdır: bəyəndi, bəyənmədi, niyə. Bu, növbəti variantları seçməyi asanlaşdırır.

7. Sənədlər

Çıxarış, etibarnamə, beh müqaviləsi, kirayə müqaviləsi, sahibin şəxsiyyət vəsiqəsinin surəti. Bunlar obyektə və sövdələşməyə bağlı saxlanmalıdır, kimin baxa biləcəyi də ayrıca təyin olunmalıdır. Şəxsiyyət vəsiqəsinin surəti hər agentin telefonunda gəzməməlidir.

8. Portallara yerləşdirmə

Azərbaycanda əmlak elanları bina.az, tap.az, lalafo.az, yeniemlak.az kimi saytlardadır. Agent eyni mənzili beş saytda beş dəfə doldurur, qiymət dəyişəndə də beş dəfə dəyişir. Bunu CRM-dən etmək işin ən çox vaxt aparan hissəsini aradan qaldırır.

Problem budur: bu portalların heç birinin elanlar üçün açıq API-si yoxdur. Bunu öz təcrübəmdən deyirəm, çünki bina.az, tap.az və lalafo.az üçün Python kitabxanalarını məhz bu səbəbdən yazmışam. Onlar saytın öz veb versiyasının istifadə etdiyi yollarla işləyir: bina.az və tap.az-da GraphQL, lalafo.az-da isə saytın öz sorğuları. Estate Listing Pusher bu işi beş sayt üçün bir paneldən edir: elanı bir dəfə yazırsan, bina.az, tap.az, yeniemlak.az, vipemlak.az və arenda.az-a gedir.

Bu işdə öyrəndiyim bir qayda var: yazma əməliyyatı heç vaxt avtomatik təkrarlanmamalıdır. Elan göndərilərkən bağlantı kəsilibsə, elan ola bilsin ki, artıq çıxıb. Yenidən göndərsən, portalda iki eyni elan olur, pullu xidmət isə iki dəfə ödənilir. Ona görə kitabxanalarım belə vəziyyətdə xəta qaytarır və əvvəlcə hesabdakı elanlara baxmağı tələb edir. Pullu xidmət (VIP, irəli çəkmə) isə ayrıca təsdiq olmadan göndərilmir.

Bir də: elanın portaldakı statusu CRM-ə qayıtmalıdır. Moderasiyada, dərc olunub, rədd edilib, vaxtı bitib. Rədd edilmiş elanı agent bir həftə sonra yox, həmin gün görməlidir.

9. Təkrarlanan elanlar

Eyni mənzil portallarda dəfələrlə çıxır: sahib özü yerləşdirir, üç agent də yerləşdirir. Agentlik üçün iki sual vacibdir: bu elan sahibindəndir, yoxsa vasitəçidən, və bu mənzil bizim bazada artıq varmı. emlakagenti.az-dakı scraper 18 saytdan elanları bir paneldə toplayır, sahibkar elanlarını vasitəçilərdən ayırır və təkrarlanan elanları müəyyən edir. Təkrarı tapmaq üçün tək bir sahə bəs etmir: telefon nömrəsi, ünvan, sahə, mərtəbə və şəkillər birlikdə yoxlanılır.

10. Agentlər, rollar, komissiya

Rollar əvvəldən olmalıdır, sonradan əlavə etmək çətindir. Minimum:

  • Rəhbər hər şeyi görür.
  • Agent öz müştərilərini və obyektlərini görür, digərlərinin obyektlərini sahibin nömrəsi gizli halda görür.
  • Operator müraciətləri qəbul edir və agentlərə paylayır.

Komissiya bir sövdələşmədə bir neçə agent arasında bölünə bilər: obyekti gətirən, müştərini gətirən, sövdələşməni bağlayan. Bu bölgü sövdələşmə bağlananda yazılmalıdır, ay sonunda yaddaşdan yox.

Agentlikdə hər agentin öz girişi olmalıdır. Ortaq parol ilə işləyən sistemdə kimin nəyi sildiyini heç vaxt bilməyəcəksiniz.

11. Hesabatlar

Çox hesabat lazım deyil. Bunlar bəs edir:

  • Müraciətə ilk cavab vaxtı, agentlər üzrə.
  • Mərhələlər arası keçid: 100 müraciətdən neçəsi baxışa, neçəsi behə çatır.
  • Uğursuzluq səbəbləri.
  • Mənbələr: müştərilər haradan gəlir, hansı portal sövdələşmə gətirir.
  • Elanın bazarda qalma müddəti, rayonlar üzrə.

Khalif Estate hər ayın əvvəlində Bakının hər rayonu üçün kvadratmetrin median qiymətini öz modeli ilə hesablayıb açıq dərc edir. Bu, CRM-dəki məlumatın agentliyin xaricində də iş görə biləcəyinə yaxşı nümunədir.

Fərdi məlumatlar

CRM adların, telefonların, şəxsiyyət vəsiqələrinin saxlandığı yerdir. Azərbaycanda bunu “Fərdi məlumatlar haqqında” Qanun (11 may 2010, № 998-IIIQ) tənzimləyir. Praktik olaraq üç şey yadda saxlanmalıdır:

  • Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, fərdi məlumatların toplanması və işlənməsi subyektin yazılı razılığı və ya onun özünün yazılı təqdim etdiyi məlumatlar əsasında olur (maddə 8.1), razılığın alınmasını sübut etmək isə məlumatları saxlayanın vəzifəsidir (maddə 8.4).
  • Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla üçüncü şəxslərə yalnız subyektin razılığı ilə verilə bilər (maddə 5.2).
  • Məlumatları saxlayan onların itməsinin, icazəsiz dəyişdirilməsinin və qanunsuz müdaxilənin qarşısını alan texniki və təşkilati tədbirlər görməlidir (maddə 5.8).

CRM üçün bunun mənası: müştəri kartında razılığın nə vaxt və necə alındığı qeyd olunsun, giriş rollarla məhdudlaşdırılsın, kimin nəyə baxdığı jurnala yazılsın, ehtiyat nüsxə olsun. Bu hüquqi məsləhət deyil, amma sistemi bu qaydalar nəzərə alınmadan qurmaq sonra baha başa gəlir.

Hazır CRM, yoxsa öz CRM-in?

Dürüst cavab: kiçik agentlik üçün çox vaxt hazır sistem bəs edir. Müqayisə üçün rəsmi səhifələrdəki qiymətlər (2026-cı ilin noyabrı, ABŞ dolları ilə):

Bitrix24 HubSpot Sales Hub Öz CRM
Başlanğıc qiymət Pulsuz plan var. Basic: aylıq ödənişlə ayda $69, illik ödənişlə ayda $49, 5 istifadəçiyə qədər Pulsuz plan 2 istifadəçiyə qədər. Starter: bir yer üçün ayda $20 (yeni müştərilərə endirimlə $7). Professional: bir yer üçün ayda $100, illik ödənişlə $90, üstəlik $1 500 birdəfəlik onboarding Bir dəfə hazırlanma xərci, sonra server və dəstək
WhatsApp Basic plandan inteqrasiya var İnteqrasiya ilə İstədiyin kimi
bina.az, tap.az, lalafo.az Hazır yoxdur Hazır yoxdur Qoşmaq olar
Obyekt və tələb uyğunlaşdırması Sazlama ilə Sazlama ilə Əsas funksiya kimi

Bitrix24 qiyməti istifadəçi başına yox, şirkət başınadır: Standard 50 istifadəçiyə qədər aylıq ödənişlə ayda $144-dür. HubSpot-da isə qiymət hər istifadəçi üçündür. On agentli agentlik üçün bu fərq böyükdür.

Hazır sistem o vaxt bəs edir ki, işiniz əsasən müştəri ilə yazışmaq və sövdələşməni mərhələlərdən keçirməkdir. Öz CRM o vaxt mənalıdır ki:

  • agentlərin günü portallarda elan yerləşdirməyə gedir və bunu avtomatlaşdırmaq istəyirsiniz;
  • uyğunlaşdırma sizin üçün əsas alətdir, sadəcə bir sahə deyil;
  • sahib və müştəri məlumatının kimə görünəcəyini dəqiq idarə etmək lazımdır;
  • CRM-i saytla, WhatsApp botu ilə və elan bazası ilə bir yerdə istəyirsiniz.

Ortada bir yol da var: hazır CRM qalır, portallara yerləşdirmə və uyğunlaşdırma isə ayrıca servis kimi API ilə ona qoşulur. Estate Listing Pusher-in REST API-si məhz bu məqsədlə var.

Haradan başlamalı

Birinci gündən hər şeyi qurmayın. Mən olsam bu ardıcıllıqla gedərdim:

  1. Obyekt, sahib, müştəri, tələb. Excel-dəki bazanı içəri köçürün.
  2. Uyğunlaşdırma. Ən sadə filtrlə belə, agent onu ilk həftədən hiss edəcək.
  3. Sövdələşmə mərhələləri və uğursuzluq səbəbi.
  4. WhatsApp yazışmalarının bir qutuya gəlməsi.
  5. Portallara yerləşdirmə.
  6. Hesabatlar.

Hər addımdan sonra agentlər bir həftə işləsin və nəyin mane olduğunu desin. Agentin istifadə etmədiyi CRM, ən yaxşı halda, bahalı Excel-dir.

Əgər eyni işi daha geniş görmək istəsəniz, biznesdə ən çox rast gəlinən texniki problemlər yazısına, WhatsApp hissəsi üçün WhatsApp botu biznesə nə qazandırır yazısına baxın. CRM-in məlumat modelini düzgün qurmaq üçün DDD nədir, necə tətbiq olunur yazısı da faydalı ola bilər.

Bu yazıda adı çəkilən işlərim: emlakagenti.az, Khalif Estate, Estate Listing Pusher, bina.az, tap.az və lalafo üçün Python kitabxanaları.

Agentliyiniz üçün sayt və ya CRM lazımdırsa, nə etdiyimə əmlak saytı və CRM səhifəsində baxa və ya birbaşa yaza bilərsiniz.

Mənbələr

Oxşar yazılar