DDD nədir? Necə tətbiq olunur?
Domain-Driven Design nədir, hansı hissələri həqiqətən işə yarayır və Django layihəsində necə tətbiq olunur. Əmlak domeni üzərində kodla, nə vaxt DDD lazım olmadığını da açıq deyirəm.
DDD haqqında danışanda adətən iki cür adam görürəm. Birincilər deyir ki, “DDD, yəni hər şeyi domain/, application/, infrastructure/ qovluqlarına böl, hər yerə interfeys qoy.” İkincilər deyir ki, “DDD böyük şirkətlər üçündür, bizə lazım deyil.” İkisi də yanılır.
DDD qovluq strukturu deyil. DDD birinci növbədə biznesin dilini koda düzgün köçürmək və böyük sistemi düzgün yerlərdən bölmək haqqındadır. Qalan hər şey (aqreqatlar, repozitorilər, hadisələr) bunun üçün alətdir.
Bu yazıda əvvəl DDD-nin əsas anlayışlarını sadə dildə izah edirəm, sonra Django-da əmlak domeni üzərində necə tətbiq olunduğunu kodla göstərirəm. Domen kimi əmlakı ona görə seçdim ki, bu sahədə bir neçə layihə yazmışam: emlakagenti.az, Khalif Estate, Estate Listing Pusher. Kod nümunəsi isə öyrətmək üçün yazılıb, bu layihələrin kodu deyil.
DDD haradan gəlir
Domain-Driven Design adını Eric Evans-ın 2003-cü ildə çıxan “Domain-Driven Design: Tackling Complexity in the Heart of Software” kitabından alır. Proqramçılar arasında ona “mavi kitab” deyirlər. 2013-cü ildə Vaughn Vernon “Implementing Domain-Driven Design” kitabını yazdı, bu da “qırmızı kitab” oldu. Evans 2015-ci ildə pulsuz “DDD Reference” sənədini çıxardı: kitabdakı bütün pattern-lərin qısa xülasəsi və kitabdan sonra əlavə olunan üç yeni anlayış (Domain Events, Partnership, Big Ball of Mud).
Kitabın alt başlığı hər şeyi deyir: proqram təminatının mərkəzindəki mürəkkəbliklə mübarizə. Mürəkkəblik çox vaxt texnologiyada deyil, biznesin özündədir. Əmlak agentliyində “elan satılıb” nə deməkdir? Beh alınanda? Kupça təhvil veriləndə? Pul köçürüləndə? Bunu agentlə danışmadan kod yazsan, sistem işləyəcək, amma səhv işləyəcək.
Strateji DDD: sistemi harada bölmək
DDD-nin iki hissəsi var. Strateji hissə böyük şəkli həll edir: sistemi hansı hissələrə bölmək, hansı hissəyə daha çox güc vermək. Taktiki hissə isə bir hissənin içində kodu necə yazmaq sualına cavab verir. Çoxları birbaşa taktiki hissəyə qaçır, amma əsas qazanc strateji hissədədir.
Ümumi dil (Ubiquitous Language)
Evans-ın fikri sadədir: proqramçılar və biznes adamları eyni, dəqiq dildə danışmalıdır, bu dil də kodda olduğu kimi görünməlidir. Martin Fowler bunu belə izah edir: proqram təminatı qeyri-müəyyənliklə yaxşı yola getmir, ona görə dil dəqiq olmalıdır. Dil də sabit deyil. Komanda biznesi daha yaxşı anladıqca dil də, model də dəyişir.
Praktikada bu belə görünür. Agent “beh” deyirsə, kodda Deposit yox, birbaşa beh mənasını verən bir ad olur və hər yerdə eyni ad işlənir. Agent “elan arxivə düşdü” ilə “elan satıldı” arasında fərq qoyursa, kodda da iki ayrı status olur, bir is_active = False yox.
Bunun ən sadə testi: biznes adamı kodda funksiyaların adlarını oxuyanda nə baş verdiyini təxminən anlayırmı? Anlamırsa, dil ayrılıb.
Bounded Context
Böyük sistemdə bir söz müxtəlif yerlərdə müxtəlif şey deməkdir. Fowler-in nümunəsi elektrik şirkətindən gəlir: “sayğac” sözü bir şöbədə şəbəkə ilə ünvan arasındakı əlaqə, başqa şöbədə şəbəkə ilə müştəri arasındakı əlaqə, üçüncüsündə isə dəyişdirilə bilən fiziki cihaz deməkdir.
Əmlakda da eynidir. “Qiymət” elanlar hissəsində satıcının istədiyi qiymətdir və dəyişə bilər. Sövdələşmə hissəsində isə müqavilədə yazılan, razılaşdırılmış qiymətdir və imzadan sonra dəyişmir. “Müştəri” CRM-də ev axtaran adamdır, komissiya hesabında isə komissiyanı ödəyən tərəfdir.
Hamısını bir Property və bir Client modelinə yığmaq istəyəndə nəticə məlumdur: 60 sahəli model, yarısı null=True, hər yeni tələb əvvəlkini sındırır.
Bounded context deyir ki, hər modelin keçərli olduğu sərhədi açıq şəkildə çək. Evans-ın sözləri ilə: sərhədi komandaların təşkili, tətbiqin hansı hissəsində istifadə olunması və kod bazası, verilənlər bazası sxemi kimi fiziki şeylər üzrə açıq müəyyən et. Sərhədin içində dil ciddi şəkildə eyni qalır, sərhədin xaricində başqa model ola bilər.
Əmlak agentliyi üçün təxmini bölgü belədir:
| Kontekst | Nə ilə məşğuldur | Əsas sözlər |
|---|---|---|
| Elanlar | mülkün təsviri, qiymət, şəkillər, dərc | elan, mülk sahibi, istənən qiymət |
| CRM | ev axtaran müştərilər, baxışlar, uyğunlaşdırma | müştəri sorğusu, büdcə, baxış |
| Sövdələşmələr | beh, müqavilə, bağlanış, komissiya | sövdələşmə, razılaşdırılmış qiymət, komissiya |
| Portallar | elanı xarici saytlara göndərmək | xarici ID, portal, dərc statusu |
Context Map: kontekstlər bir-biri ilə necə danışır
Kontekstləri ayırmaq yarımçıq işdir. Onların arasındakı münasibəti də görmək lazımdır. Bunun üçün context map çəkilir. DDD Reference bu münasibətlərin adlarını verir: Partnership, Shared Kernel, Customer/Supplier, Conformist, Anticorruption Layer, Open-host Service, Published Language, Separate Ways.
Ən çox işimə yarayan Anticorruption Layer-dir (ACL). Fikir budur: xarici sistemin modeli sənin modelinə sızmasın. Arada tərcüməçi qat qoyursan, xarici sistem nə qədər qarışıq olsa da, sənin kodun öz dilində qalır.
Estate Listing Pusher-də elanları bina.az, tap.az, yeniemlak.az, vipemlak.az və arenda.az-a göndərirəm. Bu saytların heç birinin elan üçün açıq API-si yoxdur: bina.az və tap.az-la GraphQL üzərindən, qalanları ilə adi HTML formalar üzərindən danışmaq lazım gəlir. Orada hər sayt ayrıca moduldur, birini əlavə etmək qalanlarına toxunmur. Bu, ACL ideyasının özüdür: tap.az-ın formasının necə qurulması elanlar modelinə heç vaxt sızmır.
Core Domain
Evans-ın daha bir vacib fikri: sistemin bütün hissələri eyni dərəcədə cilalanmayacaq, prioritet seçmək lazımdır. Biznesi rəqiblərdən fərqləndirən hissə core domain-dir, ən güclü vaxtı ora ver. Giriş, ödəniş qəbulu, SMS göndərmək kimi hissələr isə “generic subdomain”-dir, onları mümkün qədər hazır həllərlə bağla.
Əmlak agentliyində core domain çox vaxt uyğunlaşdırma (hansı müştəriyə hansı ev) və qiymətləndirmədir. Login səhifəsi deyil.
Taktiki DDD: kontekstin içində kod
Entity və Value Object
Entity kimliyi ilə tanınan obyektdir. Atributları dəyişsə də, o yenə həmin obyektdir. Elan qiyməti dəyişəndə başqa elan olmur. Evans xəbərdarlıq edir ki, kimliyi qarışdırmaq məlumatın korlanmasına aparır.
Value object isə yalnız dəyəri ilə maraqlıdır. 150 000 AZN istənilən yerdə 150 000 AZN-dir, onun “kimliyi” yoxdur. Value object dəyişməz (immutable) olur, öz qaydalarını özü yoxlayır. Pulu Decimal və ayrıca valyuta sahəsi kimi daşımaq əvəzinə Money value object-i yazanda valyuta qarışıqlığı kimi bir sinif xətalar birdəfəlik yox olur.
Aqreqat və invariant
Bu, DDD-nin ən çox səhv başa düşülən hissəsidir.
Aqreqat birlikdə ardıcıl qalmalı olan obyektlər qrupudur. Qrupun bir kökü (aggregate root) olur və xaricdən yalnız köklə danışmaq olar. Fowler-in qaydası: xaricdən aqreqata gələn bütün istinadlar yalnız kökə getməlidir. Tranzaksiyalar aqreqat sərhədini keçməməlidir.
Invariant isə həmişə doğru qalmalı olan biznes qaydasıdır. Vernon-un tərifi belədir: invariant hər zaman ardıcıl olmalı olan biznes qaydasıdır. Məsələn: “satılmış mülkün qiyməti dəyişmir”, “komissiya yalnız sövdələşmə bağlananda hesablanır”.
Vernon-un “Effective Aggregate Design” essesində dörd qayda var və mənim üçün bunlar DDD-nin ən praktik hissəsidir:
- Həqiqi invariantları ardıcıllıq sərhədinin içində modelləşdir. Aqreqat “bu obyektlər əlaqəlidir” deyə yox, “bu qaydalar bir tranzaksiyada doğru qalmalıdır” deyə qurulur.
- Aqreqatları kiçik saxla. Vernon bir layihədən misal gətirir: aqreqatların təxminən 70%-i yalnız kök entity və bir neçə value object-dən ibarət olub. Bu hər layihədə belə olacaq demək deyil, amma istiqaməti göstərir.
- Başqa aqreqatlara yalnız ID ilə istinad et. Sövdələşmə elanın özünü yox,
listing_id-ni saxlayır. - Sərhəddən kənarda eventual consistency işlət. Bir əmr başqa aqreqatı da dəyişməlidirsə, bunu eyni tranzaksiyada yox, hadisə ilə, bir az sonra et.
Dördüncü qaydada çətinlik çəkəndə Vernon Evans-dan gələn sadə bir sual təklif edir: bu məlumatı ardıcıl etmək kimin işidir? Əməliyyatı edən istifadəçinin işidirsə, eyni tranzaksiyada et. Başqa istifadəçinin və ya sistemin işidirsə, eventual consistency ilə et.
Domen hadisələri
Domen hadisəsi biznes adamlarının vecinə olan bir şeyin baş verdiyini bildirir: “Sövdələşmə bağlandı”, “Qiymət endirildi”, “Beh alındı”. Evans bu anlayışı kitabdan sonra əlavə edib, çünki entity-nin indiki vəziyyəti ora necə gəlindiyini izah etmir.
Hadisələr kontekstləri bir-birindən ayırmağın ən təmiz yoludur. Sövdələşmələr konteksti elanlar kontekstinin içinə girib statusu dəyişmir, sadəcə “sövdələşmə bağlandı” deyir. Elanlar konteksti də buna öz qaydası ilə reaksiya verir.
Repozitori
Evans-ın tərifinə görə repozitori aqreqatlara ümumi dildə ifadə olunan sorğu girişi verir. Django-da bunun üçün ayrıca Repository sinfi yazmağa çox vaxt ehtiyac yoxdur. Custom QuerySet elə repozitoridir, sadəcə metodlarının adları biznes dilində olmalıdır: filter(budget__gte=...) yox, ClientRequest.objects.that_fit(...).
Django-da tətbiq: əmlak nümunəsi
İndi işin ən maraqlı yeri. Django Active Record üzərində qurulub. Django-nun öz dizayn fəlsəfəsində yazılıb ki, model obyektin bütün tərəflərini özündə saxlamalıdır və Fowler-in Active Record pattern-inə əsaslanır. Bu o deməkdir ki, Django-da DDD etmək üçün ORM-i atıb, ayrıca “təmiz domen” qatı və mapping yazmaq məcburi deyil. Çox vaxt bu, qazancdan çox xərc gətirir.
Mənim seçdiyim praqmatik yol belədir: Django modelləri aqreqat kökü rolunu oynayır, amma biznes qaydaları modelin metodlarındadır, view və serializer-lər sahələri birbaşa dəyişmir.
Layihənin quruluşu
Hər bounded context ayrıca Django app-dır:
estate/
shared/ money.py, errors.py, bus.py
listings/ models.py, handlers.py, apps.py
crm/ models.py
deals/ models.py, events.py, services.py
portals/ base.py, binaaz.py, tapaz.py
Qayda: bir app digərinin modelini import edib dəyişmir. Kontekstlər arasında yalnız ID-lər, hadisələr və sadə məlumat obyektləri gəzir.
Value object: Money
from dataclasses import dataclass
from decimal import Decimal, ROUND_HALF_UP
@dataclass(frozen=True)
class Money:
amount: Decimal
currency: str = "AZN"
def __post_init__(self):
amount = Decimal(str(self.amount)).quantize(Decimal("0.01"), rounding=ROUND_HALF_UP)
if amount < 0:
raise ValueError("Money cannot be negative")
object.__setattr__(self, "amount", amount)
def percent(self, rate: Decimal) -> "Money":
return Money(self.amount * Decimal(rate) / 100, self.currency)
def __add__(self, other: "Money") -> "Money":
if other.currency != self.currency:
raise ValueError("Currencies differ")
return Money(self.amount + other.amount, self.currency)
class DomainError(Exception):
pass
Elanlar konteksti: qaydalar modelin içində
Anemic model nədir, əvvəl onu deyim. Fowler 2003-cü ildə bunu anti-pattern adlandırıb: obyektlərin adı domendən gəlir, aralarında əlaqələr var, amma davranış yoxdur, sadəcə getter və setter torbalarıdır. Bütün məntiq ayrı “servis”lərdədir. Fowler deyir ki, bu əslində prosedur üslubdur və domen modelinin xərcini ödəyib, faydasını almırsan.
Django-da anemic model belə görünür: listing.status = "sold"; listing.save() view-da, serializer-də, admin action-da, Celery task-ında. Qayda dörd yerə səpələnib, beşinci yer yazanda kimsə onu unudur.
Əvəzində belə:
from django.db import models
from shared.errors import DomainError
from shared.money import Money
class Listing(models.Model):
class Status(models.TextChoices):
DRAFT = "draft"
ACTIVE = "active"
SOLD = "sold"
owner_id = models.PositiveBigIntegerField(db_index=True)
title = models.CharField(max_length=200)
area_m2 = models.DecimalField(max_digits=8, decimal_places=2)
asking_amount = models.DecimalField(max_digits=12, decimal_places=2)
currency = models.CharField(max_length=3, default="AZN")
status = models.CharField(max_length=10, choices=Status.choices, default=Status.DRAFT)
sold_by_deal_id = models.PositiveBigIntegerField(null=True, blank=True)
@property
def asking_price(self) -> Money:
return Money(self.asking_amount, self.currency)
def publish(self):
if self.status != self.Status.DRAFT:
raise DomainError("Only a draft can be published")
if self.asking_amount <= 0:
raise DomainError("A listing needs a price before it goes live")
self.status = self.Status.ACTIVE
def change_price(self, new_price: Money):
if self.status == self.Status.SOLD:
raise DomainError("The price of a sold property does not change")
if new_price.currency != self.currency:
raise DomainError("Currency changes are a separate decision")
self.asking_amount = new_price.amount
def mark_sold(self, deal_id: int):
if self.status == self.Status.SOLD and self.sold_by_deal_id == deal_id:
return
if self.status == self.Status.SOLD:
raise DomainError("This property was already sold in another deal")
self.status = self.Status.SOLD
self.sold_by_deal_id = deal_id
Bir neçə şeyə diqqət edin. Metodların adları agentin dilindədir: dərc et, qiyməti dəyiş, satılmış kimi qeyd et. mark_sold eyni sövdələşmə üçün iki dəfə çağırılsa, səssizcə heç nə etmir. Bu təsadüfi deyil, hadisələr təkrar gələ bilər və handler buna dözümlü olmalıdır. owner_id isə ForeignKey deyil, çünki mülk sahibi başqa kontekstin aqreqatıdır.
Burada açıq danışım: ID ilə istinad etməyin qiyməti var. Verilənlər bazası səviyyəsində foreign key məhdudiyyətini, select_related-i və kaskad silinməni itirirsən. Kiçik layihədə bu qiymət çox ola bilər. Mən bunu yalnız iki fərqli kontekst arasında edirəm. Bir kontekstin içində ForeignKey normaldır.
CRM konteksti: repozitori kimi QuerySet
from django.db import models
from shared.money import Money
class ClientRequestQuerySet(models.QuerySet):
def open(self):
return self.filter(closed_at__isnull=True)
def that_fit(self, price: Money, area_m2):
return self.open().filter(
budget_amount__gte=price.amount,
currency=price.currency,
min_area_m2__lte=area_m2,
)
class ClientRequest(models.Model):
client_name = models.CharField(max_length=120)
phone = models.CharField(max_length=20)
budget_amount = models.DecimalField(max_digits=12, decimal_places=2)
currency = models.CharField(max_length=3, default="AZN")
min_area_m2 = models.DecimalField(max_digits=8, decimal_places=2, default=0)
closed_at = models.DateTimeField(null=True, blank=True)
objects = ClientRequestQuerySet.as_manager()
that_fit Listing obyektini qəbul etmir, yalnız qiymət və sahəni alır. CRM elanlar kontekstinin modelini tanımır, buna ehtiyacı da yoxdur.
Sövdələşmələr konteksti: aqreqat və hadisə
from dataclasses import dataclass
@dataclass(frozen=True)
class DealClosed:
deal_id: int
listing_id: int
client_request_id: int
from decimal import Decimal
from django.db import models
from django.utils import timezone
from deals.events import DealClosed
from shared.errors import DomainError
from shared.money import Money
class Deal(models.Model):
class Status(models.TextChoices):
OPEN = "open"
CLOSED = "closed"
CANCELLED = "cancelled"
listing_id = models.PositiveBigIntegerField(db_index=True)
client_request_id = models.PositiveBigIntegerField(db_index=True)
agreed_amount = models.DecimalField(max_digits=12, decimal_places=2)
currency = models.CharField(max_length=3, default="AZN")
commission_rate = models.DecimalField(max_digits=4, decimal_places=2)
commission_amount = models.DecimalField(max_digits=12, decimal_places=2, null=True, blank=True)
status = models.CharField(max_length=10, choices=Status.choices, default=Status.OPEN)
closed_at = models.DateTimeField(null=True, blank=True)
@classmethod
def start(cls, listing_id: int, client_request_id: int, agreed_price: Money, commission_rate: Decimal):
if commission_rate <= 0:
raise DomainError("Commission rate must be positive")
return cls(
listing_id=listing_id,
client_request_id=client_request_id,
agreed_amount=agreed_price.amount,
currency=agreed_price.currency,
commission_rate=commission_rate,
)
@property
def agreed_price(self) -> Money:
return Money(self.agreed_amount, self.currency)
@property
def pending_events(self) -> list:
if not hasattr(self, "_pending_events"):
self._pending_events = []
return self._pending_events
def close(self):
if self.status != self.Status.OPEN:
raise DomainError("Only an open deal can be closed")
self.status = self.Status.CLOSED
self.closed_at = timezone.now()
self.commission_amount = self.agreed_price.percent(self.commission_rate).amount
self.pending_events.append(
DealClosed(deal_id=self.pk, listing_id=self.listing_id, client_request_id=self.client_request_id)
)
Burada invariant budur: komissiya yalnız sövdələşmə bağlananda hesablanır. Khalif Estate-də qayda elə budur: komissiya yalnız sövdələşmə həqiqətən bağlananda ödənilir. Bu qayda kodda bir yerdə yaşayır, close() metodunda. Komissiyanı başqa yerdə hesablamaq üçün heç bir səbəb qalmır.
Diqqət edin, close() elanı satılmış etmir. Bu, sövdələşmə aqreqatının işi deyil.
Tətbiq qatı: nazik servis
Evans tətbiq qatı haqqında deyir ki, bu qat nazik saxlanılır, biznes qaydası daşımır, yalnız işi koordinasiya edir və domen obyektlərinə ötürür.
from django.db import transaction
from deals.models import Deal
from shared.bus import publish
def close_deal(deal_id: int) -> Deal:
with transaction.atomic():
deal = Deal.objects.select_for_update().get(pk=deal_id)
deal.close()
deal.save()
events = list(deal.pending_events)
transaction.on_commit(lambda: publish(events))
return deal
transaction.on_commit Django-nun öz alətidir: callback yalnız tranzaksiya uğurla commit olunandan sonra işləyir, rollback olsa atılır. Yəni “sövdələşmə bağlandı” hadisəsi yalnız sövdələşmə həqiqətən bazada bağlananda yayılır.
Hadisəni o biri kontekst tutur
from collections import defaultdict
_handlers = defaultdict(list)
def subscribe(event_type, handler):
_handlers[event_type].append(handler)
def publish(events):
for event in events:
for handler in _handlers[type(event)]:
handler(event)
from django.db import transaction
from deals.events import DealClosed
from listings.models import Listing
from shared.bus import subscribe
def mark_listing_sold(event: DealClosed):
with transaction.atomic():
listing = Listing.objects.select_for_update().get(pk=event.listing_id)
listing.mark_sold(event.deal_id)
listing.save()
def register():
subscribe(DealClosed, mark_listing_sold)
from django.apps import AppConfig
class ListingsConfig(AppConfig):
name = "listings"
def ready(self):
from listings import handlers
handlers.register()
Bu, Vernon-un dördüncü qaydasıdır: sövdələşmə öz tranzaksiyasında bağlanır, elan isə öz tranzaksiyasında, bir az sonra satılmış olur. “Kimin işidir?” sualına cavab: sövdələşməni bağlayan agentin işi sövdələşməni bağlamaqdır, elanın statusunu sistem özü düzəldir.
Bir xəbərdarlıq: bu in-process bus sadədir. Commit-dən sonra handler xəta versə, elan satılmamış qalacaq. Real layihədə hadisəni eyni tranzaksiyada “outbox” cədvəlinə yazıb ayrıca prosesin göndərməsi daha etibarlıdır. Chris Richardson bunu transactional outbox pattern adlandırır. Başlanğıc üçün on_commit + Celery task + təkrar cəhd də yaxşı işləyir.
Portallar: Anticorruption Layer
from dataclasses import dataclass
from decimal import Decimal
from typing import Protocol
@dataclass(frozen=True)
class ListingSnapshot:
listing_id: int
title: str
area_m2: Decimal
price_amount: Decimal
currency: str
photos: tuple[str, ...]
class Portal(Protocol):
name: str
def publish(self, listing: ListingSnapshot) -> str: ...
def unpublish(self, external_id: str) -> None: ...
Hər portal (binaaz.py, tapaz.py və s.) Portal protokolunu öz üsulu ilə həyata keçirir: biri GraphQL sorğusu qurur, biri HTML forma doldurur. Elanlar konteksti bunların heç birini bilmir. O, yalnız ListingSnapshot verir və geri xarici ID alır. Portal sabah formasını dəyişsə, yalnız bir fayl dəyişir.
Event Storming: dili tapmağın ən sürətli yolu
Yaxşı, bəs bu kontekstləri, hadisələri, aqreqatları haradan tapmaq? Alberto Brandolini 2013-cü ildə bunun üçün Event Storming adlı workshop formatı təklif edib. Onun tərifi ilə: mürəkkəb biznes domenlərini sürətlə araşdırmaq üçün workshop.
Qayda sadədir. Böyük divar, çoxlu stiker. Narıncı stikerlərə domen hadisələri yazılır, keçmiş zamanda: “Elan dərc olundu”, “Baxış təyin olundu”, “Beh alındı”, “Sövdələşmə bağlandı”, “Komissiya ödənildi”. Sonra hər hadisədən əvvəl onu doğuran əmr göy stikerlə qoyulur. Brandolini otaqda 6 ilə 8 nəfər tövsiyə edir: sual verməyi bilənlər və cavabı bilənlər. Yəni proqramçı və agent eyni otaqda.
Brandolini-nin iddiası budur ki, bu format biznes axınının modelini həftələr yox, saatlar ərzində qurmağa imkan verir. Ən qiymətli an isə iki nəfərin eyni sözü fərqli mənada işlətdiyi üzə çıxanda gəlir. Bounded context-in sərhədi də oradan keçir.
DDD nə vaxt lazım deyil
Bunu açıq deyim: saytların çoxu üçün tam DDD lazım deyil.
- Sadə CRUD. Microsoft-un .NET mikroservis bələdçisi də bunu deyir: servis sadə CRUD-dursa, yalnız məlumat saxlayan entity-lər bəs edə bilər və mürəkkəb DDD pattern-ləri zəhmətə dəyməyə bilər. Onların nümunə layihəsində sifariş servisi DDD ilə yazılıb, kataloq servisi isə yox.
- Generic hissələr. Login, fayl yükləmə, bildirişlər. Burada hazır həll götür, enerjini core domain-ə saxla.
- Domen eksperti yoxdursa. DDD biznes adamı ilə danışmaq üzərində qurulub. Dil tapmağa kimsə yoxdursa, “DDD” sadəcə qovluq adlarına çevrilir.
- Domen hələ bilinmirsə və tez sınaq lazımdırsa. Strateji fikirlər (dil, sərhədlər) yenə faydalıdır, amma ağır taktiki struktur gözlər.
Evans özü də kitabında “Smart UI” yanaşmasını DDD ilə birlikdə işləməyən, amma real üstünlükləri olan və bəzi vəziyyətlərdə ən yaxşı işləyən alternativ kimi təsvir edir. Yəni DDD din deyil, alətdir.
Qısa yol xəritəsi
Mövcud Django layihəsinə DDD gətirmək istəyirsinizsə, mən bu ardıcıllıqla gedərdim:
- Biznes adamı ilə bir saatlıq söhbət edin, ən çox işlənən 20 sözü yazın, hər birinin bir cümləlik mənasını da.
- Eyni sözün iki mənası olan yerləri tapın. Kontekst sərhədləri oradadır.
- Ən çox ağrı verən bir qaydanı seçin (məsələn, “satılmış elanın qiyməti dəyişmir”) və onu modelin metoduna köçürün. View-lardakı birbaşa
status =yazılarını silin. - Kontekstlər arasında birbaşa model dəyişməni hadisələrlə əvəz edin.
- Xarici sistemlərlə inteqrasiyanı ayrıca modula, ACL-ə çıxarın.
Bütün sistemi bir anda yenidən yazmaq lazım deyil. Hər addım öz-özlüyündə kodu daha yaxşı edir.
Əmlak üçün CRM-də bu qaydaların necə işlədiyini Əmlak agentliyi üçün CRM: nə lazımdır yazısında daha çox biznes tərəfdən yazmışam.
Mürəkkəb biznes məntiqi olan bir sistem qurursunuzsa, xidmətlər səhifəmə baxın və ya birbaşa yazın.
Mənbələr
- Eric Evans, Domain-Driven Design: Tackling Complexity in the Heart of Software (Addison-Wesley, 2003)
- Eric Evans, DDD Reference (2015, CC BY 4.0)
- Vaughn Vernon, Implementing Domain-Driven Design (Addison-Wesley, 2013)
- Vaughn Vernon, Effective Aggregate Design, Part I
- Vaughn Vernon, Effective Aggregate Design, Part II
- Martin Fowler, BoundedContext
- Martin Fowler, UbiquitousLanguage
- Martin Fowler, DDD_Aggregate
- Martin Fowler, AnemicDomainModel
- Alberto Brandolini, Introducing Event Storming (2013)
- Microsoft Learn, Designing a microservice domain model
- Django, Design philosophies: Models
- Django, Database transactions: on_commit
- Chris Richardson, Transactional outbox
-
TikSocket nədir? Bənzəri varmı?
2026-11-16 · 8 min
-
Epoint ödənişini sayta necə qoşmaq olar
2026-11-12 · 8 min
-
Saytım niyə yavaş açılır və necə düzəlir
2026-11-11 · 7 min